Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Məhəmməd Məmmədovun CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) və 186.2.2-ci (özgə əmlakını qəsdən məhv etmə), Respublika Narkoloji Mərkəzin direktoru Telman Məmmədhəsənov, əməyin təhlükəsizliyi üzrə mühəndis Mahir Abdullayevin CM-nin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma, zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə – ağır nəticələrə səbəb olduqda) və həkim Afət Məmmədovanın CM-nin 311-ci (külli miqdarda rüşvət alma) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə baxışı başlayıb.
ÇıxışYolu.Com-ın məlumatına görə, bu il martın 2-də Xətai rayonunda yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın baş verib.
İstintaq-əməliyyat tədbirləri ilə Mərkəzdə “alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları” diaqnozu ilə müalicə alan Məhəmməd Məmmədov martın 3-də həmin cinayətdə şübhəli şəxs qismində tutulub. İlkin dindirmə zamanı cinayəti törətdiyini etiraf edən M. Məmmədov ailə üzvlərinin ona qərəzli münasibətinə etiraz əlaməti olaraq və Narkoloji Mərkəzdə müalicə almaq istəmədiyinə görə intihar etmək qərarına gəldiyini bildirib. Bu məqsədlə ayın 2-i səhər saat 06.00 radələrində qaldığı palatada yorğana bürünərək onu alışqanla yandırdığını, alov gücləndikdə özünü öldürmək niyyətindən daşınıb, yanan yorğanı çarpayısının üstünə atdığını, alovun digər palatalara keçməsindən qorxduğu üçün şöbənin qapısı açılan kimi mərkəzi tərk etdiyini göstərib.
O, CM-nin yuxarıda sadalanan maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Daha sonra Respublika Narkoloji Mərkəzin direktoru Telman Məmmədhəsənov, şöbə müdiri Azad Ələkbərov və mühəndis Mahir Abdullayev saxlanılıb və barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. A.Ələkbərovun səhhətində problemlər olduğu üçün onun cinayət işi ayrıca icraata ayrılıb. İstintaq mərhələsində həkim Afət Məmmədovanın barəsində həbs-qəti imkan tədbiri seçilməyib.
Qeyd edək ki, hazırlıq iclasında Telman Məmmədhəsənovun vəkili vəsatət verərək bildirib ki, müvəkkilinin əməlində cinayət tərkibi olmadığı üçün onun barəsindəki cinayət işinə xitam verilməlidir.
Təqsirləndirilən M.Abdullayevin vəkili də eyni vəsatət verib. Dövlət ittihamçısı sübutların araşdırılmadığını və bu səbəbdən vəsatətlərin təmin edilməməsini istəyib. Zərərçəkmişlər də vəsatətlərin təmin edilməməsini xahiş ediblər. Məhkəmə vəsatətləri təmin etməyib.
Məhkəmənin baxış iclasında təqsirləndirilən şəxslər ittiham üzrə özlərini təqsirli bilməyiblər. Təqsirləndirilən Məhəmməd Məmmədov bildirib ki, bu işdən xəbəri yoxdur və bunlar şər-böhtandır. İbtidai istintaqda isə o tam fərqli ifadə verib və əməlini etiraf edib. Onun ifadəsinə görə, 1993-cü ildə işsiz qalıb və avtomobil təmiri sexlərində işləməyə başlayıb: “Az pul qazandığım üçün arvadımla münasibətim korlandı, buna görə də xoşbəxtliyi spirtli içkidə tapdım. 1998-ci ildə arvadım və oğlum Vahid məni alkoqolizm xəstəsi kimi Narkoloji Mərkəzə yerləşdirdilər. 2015-ci ildə mənə baxması şərti ilə evi Vahidə bağışladım. Bir həftə sonra mənə yenə sərxoş damğası vuraraq xəstəxanaya yerləşdirdilər. Mənim son 20 ilim həmin Mərkəzdə keçib. Müalicə həkimi Afət Məmmədova oğlumla arvadımın sözü ilə hərəkət edərək məni uzun müddət orada saxladı. 2017-ci ilin oktyabrında oradan çıxdım, noyabrın 11-də yenidən ora qaytardılar. 2018-ci il martın 1-də tibb bacısı Şəlalə Ələkbərovaya yaxınlaşıb evə buraxılma vaxtımı soruşdum. Şəlalə kitaba baxıb, mənim qalma müddətimin martın 1-dən yenidən uzadıldığını dedi. Mən də qəzəblənərək məni saxta sənədlərlə burada saxladıqlarına görə oranı yandırıb, dağıdıb çıxacağımı və gedib Vahidin evini də yandıracağımı dedim. Bu xəbər məni özümü öldürmək həddinə çatdırdı, həmin gecəni yata bilmədim, özümü öldürməyin yollarını fikirləşdim. Gecə bir qutu siqareti çəkib qurtardım. Səhər 06.00 radələrində qərara gəldim ki, həyatımı burada başa vurmaqdansa, özümü yandırıb öldürüm. Buna görə də istifadə etdiyim qara rəngli alışqanla uzandığım çarpayıda, üstümə örtdüyüm yorğanı ayaq tərəfindən yandırdım. Yorğanın alovu artıqda, ölməkdən qorxub özümü öldürmək fikrimdən daşındım. Alovlanmış yorğanı divara tərəf atıb, palatada mənimlə birgə yatan Nurlanı oyatmağa çalışdım. Yorğanın alovu qısa müddətdə divarı və çarpayını bürüdü, dəhlizə çıxıb “ay camaat buralar yanır, çıxın qaçın” deyib, qışqırdım. Qonşu palatadan xəstələr, növbətçi sanitar Amid Quliyev və tibb bacısı Şəlalə Ələkbərova dəhlizə çıxdı. Yanğın 15-ci palataya keçdiyi üçün hamı ora girdi. Amid əsas qapını açdı, mən çıxıb həyətdə dayandım. Siqaret çəkib yanğının bütün şöbəni bürüdüyünü görüb oradan qaçdım, hasarı aşıb “Naxçıvanski” dairəsinə çatdım, oradan 51№i avtobusla bacımgilə getdim. Bacım Əslinin əri Səlimə Mərkəzdə yanğın olduğunu, canımı qurtarıb qaçdığımı dedim. Oğlum Vahid də ora gəldi, onunla görüşmədim. Səlimlə gedib özümə ayaqqabı aldım, sonra marketdən 1 manata 200 qramlıq araq alıb parkda bacımgildən götürdüyüm alma ilə içdim. Orada oturub oğlumun mənə qarşı hərəkətlərini, bunun nəticəsində özümü öldürmək istəməyimi və istəmədən xəstəxanada yanğına səbəb olduğumu fikirləşdim. Səlim məni parkda qoyub evə getdi, bir qədər sonra polislər yaxınlaşıb özümü təqdim etməyimi istədilər. Şəxsiyyət vəsiqəmin üstümdə olmadığını dedim, məni Xətai RPİ-nə apardılar. Törətdiyim əməldən peşmanam, istəməzdim ki, xəstələrdən kimsə ölsün”.
Prosesdə Məhəmməd Məmmədov yanğın törətmədiyini vurğulayıb : “Mənim heç kimim yoxdur, heç bir günahım da yoxdur, mən sadəcə yanğını söndürmək üçün kömək etmişəm. İstintaqda hədə qorxu ilə kağızlara qol çəkdirdilər”.
Onun sözlərinə görə, hadisə vaxtı 14-cü palatada yatıb: “Yatmışdım. Oyanıb qapını açanda palataya tüstü doldu. Binadan çölə qaçıb, birtəhər özümü yaxınlıqda yaşayan bacımgilə çatdırdım. Ayağımda ayaqqabım da yox idi. Bacım pul verdi, gedib ayaqqabı aldım. Gəlib parkda oturmuşdum, birdən polislər saxladılar”.
Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsindən imtina edib.
Növbəti proses sentyabrın 4-ə təyin edilib.