Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Respublika Narkoloji Mərkəzində baş verən yanğınla bağlı həbs edilənlər – Mərkəzin direktoru Telman Məmmədhəsənov, Mərkəzin əməyin təhlükəsizliyi üzrə mühəndisi, yanğın təhlükəsizliyinə cavabdeh şəxs Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın məhkəmə prosesi davam etdirilib.
ÇıxışYolu.Com-ın məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Ruhiyyə Əliyeva ifadə verib.
O deyib ki, yoldaşı Mahir Əliyev könüllü olaraq dispanserdə müalicə olunurdu:
“3-4 gün idi ki, orada müalicə olunurdu. Yanğın baş verən zaman həyat yoldaşım da yanıq xəsarətləri almışdı və eyni zamanda, tüstüdən boğulmuşdu. Bir neçə gün xəstəxanada müalicə aldı, sonradan evə gəldi, amma 40 gündən sonra dünyasını dəyişdi”.
Digər zərərçəkmiş Şərəf Eyvazov isə deyib ki, qardaşı alkoqolizmdən əziyyət çəkdiyi üçün dispanserdə müalicə olunurdu:
“Hadisə baş verəndə bizə icra hakimiyyətindən xəbər verdilər. Biz oraya çatanda yaxınlaşmağa icazə vermədilər. Ona görə məcbur qalıb gözlədik. Sonradan bizə morqdan bildirdilər ki, qardaşım artıq dünyasını dəyişib”.
Proses sentyabrın 11-də davam etdiriləcək.