NATO Krım yarımadasının Rusiyaya ilhaqını tanımır və Moskvanı qoşunlarını yarımadadan çıxarmağa çağırır.
“RİA Novosti”nin məlumatına görə, bu barədə Şimali Atlantika Alyansının hərbi komitəsinin rəhbəri Stüart Piç bəyanat verib.
Piç Rusiyanı Azov dənizində baş vermiş insident zamanı saxlanılmış ukraynalı dənizçiləri azad etməyə çağırıb.
Xatırladaq ki, 2018-ci ilin noyabr ayında Ukrayna HDQ-yə aid üç gəmi Rusiyanın ərazi sularının müvəqqəti bağlı olan akvatoriyasına daxil olub. Daha sonra onlar Qara Dənizdən Kerç boğazına doğru istiqamət alıb.
Gəmilər təhlükəli manevrlər edərək, Rusiya tərəfinin tələblərinə məhəl qoymayıb. Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sahil Mühafizə İdarəsinin əməkdaşları Ukrayna gəmilərini saxlayıb.
Gəminin göyərtəsində olan 22 dənizçi və iki Ukrayna Təhlükəsizlik Xidməti əməkdaşına qarşı dövlət sərhədini qanunsuz keçmə maddəsi ilə cinayət işi açılıb.