0118760b-26a5-44ab-a709-a42596f6b8f7..jpg

NATO üçün yeni sərvət, Ukrayna silah intizarında, Gürcüstana Rusiya təhdidi – TƏHLİL

Baxış sayı: 775 dəfə baxılıb.

NATO üçün yeni sərvət, Ukrayna silah intizarında, Gürcüstana Rusiya təhdidi –
TƏHLİL

NATO-nun daha bir nemət qazanması – Finlandiyanın Alyansa üzvlüyü –
Rusiya-Ukrayna müharibəsinin başlamasından bəri Moskvanın ilk strateji
məğlubiyyətidir.

Finlandiyanın NATO-nun tərkibində üzvlük statusu qazanması ölkənin 1940-cı
illərdən bəri davam edən uzunmüddətli hərbi birləşmə və ağır silahlı neytrallıq
siyasətini yaxşı mənada alt-üst edir.

Rusiya isə 1300 kilometrlik sərhədə malik olduğu Finlandiyanın NATO ailəsinin
övladı olmasını qəzəblə izləyir. Moskva şərqə doğru genişlənən NATO-nu
qorxutmaq üçün Ukrayna ilə bağlı yenidən gücləndirilmiş nüvə şantaji
ritorikasına keçir.

Ancaq Rusiyanın Ukraynada nüvə silahı tətbiq etməsi riski aşağı olaraq qalır,
hətta Rusiyanın Belarusa taktiki nüvə silahları yerləşdirməsi belə, Ukraynadakı
reallıqlara həlledici təsir göstərməkdən uzaqdır.

“Nüvə müharibəsi olmaq ehtimalı yoxdur” demirik, amma cari situasiya tempi
belə saxlasa, onda atom bombası eskalasiyası olmayacaq.

Hər halda, nüvə riski olsa da, olmasa da, Finlandiyanın Ukraynadakı
müharibədən qorxmayaraq xarici və təhlükəsizlik siyasətində köklü dəyişiklik
etməsi Rusiya üçün planlaşdırılmamış bir uğursuzluqdur.

Rusiya bunun cavabını Finlandiyaya verməkdən qaça bilər, çünki artıq
Finlandiya ilə hədə-qorxu dili ilə danışmaq və bunu hərbi güc nümayişi ilə
reallaşdırmaq dövrü geridə qaldı.

Artıq Finlandiyaya müdaxilə NATO-ya müdaxilədir və Alyans 5-ci maddə ilə
Rusiyaya sərt cavab verə bilər.

Rusiya “Finlandiya itkisinin” əvəzini Ukrayna cəbhəsində çıxmağa çalışacaq,
indi sual olunur: Görəsən, Ukrayna meydanında döyüşlərin xarakteri necə
dəyişəcək?

Hər halda, Ukrayna üçün düyünlər daha çoxdur, Kiyev Qərbdəki tərəfdaşlarına
ağız açaraq onlardan silah istəyir, silah tədarükünün yubanması isə onun üçün
ağlasığmaz məğlubiyyətlərin açarı kimi qavranılır.

Rusiya bu vəziyyətdən istifadə edərək hərb meydanında genişləndirə biləcəyi
imkanlara baş vurur, ancaq Ukrayna qoşunlarının davam edən müqaviməti Moskvaya
da xeyli çətinliklər deməkdir.

Rusiyanın Ukraynadakı təhlükəli xətti hansı məcraya yönəldəcəyi barədə
NATO-nun qiymətli kəşfiyyata və dərin anlayışa ehtiyacı var.

Beynəlxalq nizamın gərilməsi fonunda isə Ukraynanın tək qala bilmək
ehtimalları da çoxalır, ən azından, silah çatışmazlığında rastlaşdığı hal bunu
deməyə əsas verir.

İndi döyüşlərin həlledici mərhələsi Baxmutda gedir, Rusiya günbəgün Baxmutu
tutmaq səylərini genişləndirir.

Ukrayna isə əks-hücum üçün lazım olan silah-sursat gözləyir, yəqin ki, ordunu
komplektləşdirsə, cənub cinahından həmləyə keçəcək.

Rusiya isə işğalda saxladığı ərazilərə nəzarəti gücləndirməyi daxili
təhlükəsizlik və qanunun aliliyi məsələsi kimi qiymətləndirməyə davam edəcək.

Hadisələrin gedişatı Qərblə Rusiyanın Gürcüstan üzərindəki toqquşan
maraqlarını da alovlandırır.

Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Belarus
Prezidenti Aleksandr Lukaşenko ilə görüşdə deyib ki, Qərb ölkələri Tbilisini
Ukrayna hadisələri ilə bağlı Rusiyaya qarşı ikinci cəbhənin açılmasının
zəruriliyinə inandırmağa çalışırlar.

Onun sözlərinə görə, Qərb Gürcüstanı inandırır ki, Abxaziya və Cənubi Osetiya
üzərində nəzarəti bərpa etmək üçün əlverişli məqamdır.

Artıq Rusiyadan çıxan səslər perspektiv üçün Gürcüstana qarşı şokların
hazırlanmasının göstəricisidir.

Rusiya Gürcüstan üzərinə Belarusla getmək niyyətindədir, hərçənd ki, Minsk
Moskvanın təzyiqlərinə hələ ki tab gətirə bilir.

Qərbin Gürcüstanı hərbi təhdidlər qarşısında qoruya biləcək imkanları isə
zəifdir, çünki Gürcüstan məsələsi Ukraynadan fərqlənir.

Gürcüstanla bağlı aydınlaşmalar Finlandiyanın NATO-ya üzvlüyü fonunda davam
edən Rusiya-Ukrayna müharibəsinin nəticələri ilə düz mütənasiblik təşkil edəcək.

Aqşin Kərimov

Source link