Naxçıvan abidələrinin bərpasında nöqsanlara yol verilib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə
təsdiq edilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair
2023-2027-ci illər üçün Dövlət Proqramı”nda tarixi abidələrin bərpası, onların
beynəlxalq səviyyədə qorunması məqsədilə YUNESKO-nun maddi mədəni irs
nümunələri üzrə əsas siyahısına salınması üçün müvafiq işlərin həyata
keçirilməsi nəzərdə tutulub.
“Report” xəbər verir ki, dekabrın 22-də Dövlət Proqramında qarşıya qoyulan
vəzifələrin icrası ilə əlaqədar Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi
yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin
rəisi Səbinə Hacıyeva və Türkiyə Respublikasından olan memarlar Naxçıvan Muxtar
Respublikası ərazisində yerləşən bir sıra tarixi-memarlıq abidələrinə baxış
keçiriblər.
Qonaqlar Naxçıvan şəhərində İsmayıl xan hamamı, Xan sarayı, Möminə xatın,
Yusif Küseyiroğlu türbələrinin, eləcə də qədim yaşayış evlərinin
tarixi-memarlıq quruluşu, tikilmə texnikası, bərpa perspektivləri ilə
maraqlanıblar.
Memar Sinan İncəsənət Universitetinin professoru, memar Oğuz Ceylan Naxçıvan
abidələrinin bərpasında yol verilən nöqsanlar, bu nöqsanların aradan
qaldırılması yolları, yenidən restavrasiyası istiqamətində görüləcək işlər
barədə jurnalistlərə müsahibə verib.
Memar Oğuz Ceylan bildirib ki, bu ərazidə XII, XIII, XIV yüzillikdən qalma çox
qiymətli əsərlər vardır. Müəyyən vaxtlarda bu abidələrdə restavrasiya aparılıb.
Möminə xatın türbəsinin bərpasında sementdən istifadə olunduğuna görə
zirzəmidən gələn nəm, kondensasiya problemi vardır. Abidədə mərkəzdənqaçma da
müşahidə olunur, türbə bir tərəfə doğru əyilib.
Əvvəlki formasına qaytarmaq mümkün olmasa da, qarşısını almaq üçün qabaqlayıcı
tədbirlər görülməlidir. Bunun üçün torpağı təmizlənməli, sement qatı tamamilə
aradan qaldırılmalıdır. Biz ilkin olaraq binanın çevrəsinin açılmasını məsləhət
gördük. Gələn ilin yaz aylarına qədər bu formada qalacaq, yazdan sonra təkrar
drenajlar hazırlanaraq həmin boşluqlar örtüləcək. Ən əsas məsələ sement qatının
ümumiyyətlə götürülməsidir. Çünki bu sulfatın əmələ gəlməsinə səbəb olur. Daha
sonra asistik mühit yaranır. Beləliklə, tuğla və daşlar sementin
formalaşmasından zərər görməyə başlayır. Biz restavrasiya prosesində heç vaxt
sementdən istifadə etmir və edilən yerləri də dərhal təmizlədirik.
Oğuz Ceylan əlavə edib ki, restavrasiya olunan zaman öncə qədim arxiv
materialları araşdırılmalı, tarixi sənədlər toplanılmalıdır. Ən önəmlisi də
abidənin qədim şəkilləri tapılmalıdır. Restavrasiya sırasında biz bu fotolara
baxaraq üç layihə hazırlayırıq. Bunlardan birincisi, mövcud vəziyyətin,
ikincisi, tarixi binanın ilk dönəminin rəsminin çəkilməsidir. Üçüncüsü isə,
həmin abidəni günümüzdə necə istifadə edəcəyimizi, yəni restavrasiyasını
müəyyən edirik. Bu üç layihə hazırlandıqdan sonra restavrasiya prosesinə
başlayırıq. Bərpa zamanı isə əvvəlcə istifadə olunacaq ləvazimatların analizi
aparılır. Hazırda Şəki yolu üzərində yerləşən Diribaba türbəsi və Şəki Xan
Sarayının divarlarının ləvazimat analizləri bizim universitetdə aparılır.
Laboratoriya bizim hansı bərpa ləvazimatlarından istifadə edəcəyimizi müəyyən
edir. Və bir daha vurğulamalıyam ki, bu prosesdə sementdən istifadə qəti
şəkildə yolverilməzdir.
Qeyd edək ki, dekabrın 23-də memar və mütəxəssislər Culfa və Ordubad rayonları
ərazisində yerləşən tarixi abidələrə də baxış keçirəcəklər.