6deeceae-8f23-4a89-a3a4-f9f3a9909eb4..jpg

Naxçıvanda 18 mindən artıq təsərrüfata aid məlumatlar elektron sistemə daxil edilib

Baxış sayı: 766 dəfə baxılıb.

Naxçıvanda 18 mindən artıq təsərrüfata aid məlumatlar elektron sistemə daxil
edilib

Naxçıvan Muxtar Respublikasında 18 mindən artıq təsərrüfata aid məlumatlar
elektron sistemə daxil edilib.

Cixisyolu.com-ın məlumatına görə, muxtar respublikanın inzibati ərazi dairələrində
hər bir təsərrüfat gəzilərək uçotun aparılmasına və əldə edilən məlumatların
elektron informasiya sisteminə işlənməsi istiqamətində tədbirlər davam
etdirilir. Ümumilikdə muxtar respublika üzrə bu günə qədər 18 142 təsərrüfatda
63 204 şəxsin məlumatlarının elektron informasiya sisteminə işlənməsi təmin
edilib. Bu istiqamətdə işlər hazırda davam etdirilir.

Qeyd edək ki, tətbiq edilən proqram təminatı yerlərdə məlumatlar daxil
ediləndən dərhal sonra hər bir yaşayış məntəqəsi üzrə məlumatların ölkənin
digər şəhər və rayonları üzrə avtomatik rejimdə müqayisə olunmasına,
təkrarçılıq halları varsa, onların aradan qaldırılmasına imkan verəcək.

Xatırladaq ki, yanvarın 6-da Naxçıvan Muxtar Respublikasında ev təsərrüfatları
uçotunun aparılması işinin təşkili ilə bağlı müşavirə keçirilib. Müşavirədə
təsərrüfatbaşına uçot kitablarının doldurulması işinin təşkili ilə bağlı şəhər,
rayon icra hakimiyyətləri qarşısında duran vəzifələr izah olunub, məsul şəxslər
təlimatlandırılıb.

Müşavirədə qeyd edilib ki, sözügedən istiqamətdə bəzi zəruri tədbirlərin,
müəyyən addımların atılması və layihənin sistemli şəkildə həyata keçirilməsi
üçün əlavə tədbirlər görülməlidir. Xüsusilə muxtar respublikada statistika üzrə
real göstəricilərin informasiya sistemində öz əksini tapması ilə bağlı qarşıya
vəzifələr qoyulub. Azərbaycan Respublikası Prezident Administrasiyasının və
Dövlət Statistika Komitəsinin nümayəndələri tərəfindən bununla bağlı əyani izah
və tövsiyələr verilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezident Administrasiyasının müəyyən
etdiyi istiqamətə uyğun olaraq 28 dekabr 2022-ci il tarixdə Naxçıvanda bununla
bağlı müvafiq müşavirə də keçirilib, Mərkəzi Qərargah yaradılıb, Tədbirlər
Planı təsdiq edilib. Tədbirlər Planına uyğun olaraq yerlərdə icra
hakimiyyətləri başçılarının rəhbərliyi ilə 8 yerli qərargah fəaliyyət göstərir.
Yanvarın 10-dan başlayaraq qərargahlar təsərrüfatbaşına uçot işinin təşkili
üzrə məlumatların dürüstləşdirilməsinə və informasiya sisteminə işlənməsinə
başlayıb. Hazırda muxtar respublikanın şəhər və rayonlarında bu istiqamətdə
işlər davam etdirilir.

Source link