Naxçıvanda amazonka qəbirlərinin tapılması xəbərinə AMEA-dan AÇIQLAMA – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Son vaxtlar beynəlxalq kütləvi informasiya vasitələrində Naxçıvanda amazonka
qəbirlərinin tapılması haqqında məlumatlar yayılıb. Qeyd olunur ki, Naxçıvanda
Britaniya arxeoloqu Bettani Hyuzun rəhbərliyi ilə aparılan qazıntılarda qadın
döyüşçülərin – amazonkaların qəbirləri tapılıb. Hər şeydən əvvəl qeyd etmək
istəyirik ki, Britaniya arxeoloqu Bettani Hyuz heç vaxt Naxçıvanda arxeoloji
qazıntılara rəhbərlik etməyib. Bu qadın, sadəcə, Xaraba Gilan arxeoloji
ekspedisiyasının üzvü olub. Qazıntılara isə arxeoloq, dosent Bəhlul İbrahimli
rəhbərlik edib”.
Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində AMEA-nın Naxçıvan
Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktor müavini,
AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev söyləyib.
Alimin sözlərinə görə, qadın döyüşçülərin qəbirləri ilk dəfə 1926-cı ildə rus
alim, professor İ.İ.Meşşaninovun Qızılburunda apardığı qazıntılar zamanı aşkar
olunub:
“Lakin Cənubi Qafqazın digər yerlərində belə tapıntılar əldə edilmədiyindən bu
fikirlər elmi ictimaiyyət arasında təsdiqini tapmayıb. Bəhlul İbrahimlinin
Ordubad rayonunda Xaraba Gilanda II Plovdağ nekropolunda apardığı araşdırmalar
zamanı isə qadın döyüşçülərə aid qəbirlər aşkar olunub. Burada 6 və 12-ci
qəbirlərdə əlində oxdan, 13 ox və obsidian bıçaq tutan qadın skeletləri
aşkarlanıb.
Şərur rayonunda Dizə və Oğlanqala kəndləri yaxınlığında yerləşən Qızqala
nekropolunda beynəlxalq Azərbaycan-ABŞ arxeoloji ekspedisiyasının tədqiqatları
zamanı da CR7 nömrəli kurqandan qadın döyüşçülərə aid skelet qalıqları aşkar
olunub. Qızqala kurqanlarından obsidian ox ucluqları ilə bərabər, tunc xəncər
və nizə ucluqları da tapılmışdır. Qadın döyüşçü qəbirləri skif və sarmat
tayfalarına aid abidələrin tədqiq olunması zamanı da aşkar olunub. Bu faktlar
Cənubi Qafqazda, o cümlədən Azərbaycanda qədim dövrdə qadın döyüşçülərin
olduğunu təsdiq edir. Bu faktlar qədim yunan və Roma mənbələrində olan
məlumatlardan xeyli qədimdir”.
Onun sözlərinə görə, qədim yunan mənbələrində skiflər, albanlar və digər
tayfalar da amazon adlandırılıb:
“Bu, təsadüfi olmayıb. Belə ki, Urartu dövləti ilə heç bir Şərq dövlətinin baş
edə bilmədiyi bir vaxtda skiflər Urartunun bir başından girərək o biri başından
çıxıb, bu dövləti güclü sarsıntıya salıblar. Bu yürüşlərin nəticəsində Urartu
tənəzzül edib. Qədim alban tayfaları da işğalçılara güclü müqavimət
göstəriblər. Bu tayfalardan biri Naxçıvanda da məskunlaşan etiunilər idi. Buna
görə də urartulular Naxçıvanı və Albaniyanın qərb torpaqlarını ələ keçirə
bilməmişdilər”.
Yunan və Roma əfsanələrində qadınların kişilərdən ayrı yaşayan bir qəbilə
olduğu da deyilir. Alim deyir ki, arxeoloji faktlar bunu təsdiq etmir. Qəbir
abidələrinin tədqiqi göstərir ki, qadınlar kişilərlə bərabər dəfn ediliblər.
Araşdırmalar və ölkəmizin tarixi abidələri təsdiq edir ki, qadınlar həm qədim
dövrdə, həm də orta əsrlərdə cəmiyyətin sosial-siyasi və iqtisadi həyatında
fəal iştirak ediblər.
“Bu əfsanələrin yaranmasının səbəbi Cənubi Qafqazda, o cümlədən Azərbaycanda
yaşayan tayfaların işğalçılara güclü müqavimət göstərməsi və öz Vətənlərini
müdafiə etməsi olub. Amma çox təəssüf ki, sovet dövründə bir çox tarixi faktlar
saxtalaşdırılıb, ölkəmizin tarixi ilə bağlı yanlış məlumatlar yayılıb”, – deyə
Vəli Baxşəliyev bildirib.