Naxçıvanda büdcə vəsaitlərini mənimsəmə yolu ilə talayıblar: “15 min manat
paket alırdım”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Naxçıvan Muxtar Respublikasının keçmiş maliyyə naziri Rəfael Əliyev və Dövlət
Gömrük Komitəsinin tariflərin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi
vəzifəsində işləmiş Mənsur Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
“Report” xəbər verir ki, muxtar respublikanın Ağır Cinayətlər Məhkəməsində
proses hakim Faiq Heydərovun sədrliyi ilə keçirilib.
Əvvəlcə dövlət ittihamçısı ittiham aktını elan edib. Bildirilib ki, Dövlət
Gömrük Komitəsinin tariflərin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi
vəzifəsində işləmiş Mənsur Əsgərov və maliyyə naziri Rəfael Əliyev vəzifədə
çalışdıqları dövrdə digər şəxslərlə əlbir olaraq dövlət büdcə vəsaitlərini
mənimsəmə yolu ilə talayıblar.
Məhkəmədə çıxış edən təqsirləndirilən şəxs Mənsur Əsgərov ifadəsində bildirib
ki, pullar yük və sərnişin xətlərindən yığılıb. 2009-2010-cu illərdə gömrükdə
TIR proqramı yaradılıb: “2020-ci ildə yeni təyinat aldıqdan sonra komitə sədri
Səhhət Həbibbəyli məni qəbul etdi və dedi ki, yığılan pullar gətirilib bura
veriləcək. Tariflərin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsində
işləyəndə 3 000 manat paket alırdım. Toplanan pullardan mənə heç nə verilmirdi,
ümumi qayda olaraq komitə sədrinə verilirdi, özü pulları otağına təhvil alırdı.
Şəxsən özüm verirdim və başqa adam olmurdu. Pulları otaqda düzəldib, qutuya
yığıb şəxsən aparıb komitə sədri Səhhət Həbibbəyliyə verirdim”.
Mənsur Əsgərov özünü qismən təqsirli bilib.
Təqsirləndirilən digər şəxs Rəfael Əliyev qeyd edib ki, 2011-ci ildən maliyyə
şöbəsinin rəisi işləyib: “Toplanan ödənişlər sərnişin və yük şöbələrinin
rəisləri verilib, onlar isə pulu idarə rəislərinə verirdilər. Verilən manat və
dollarları mən eyniləşdirmə aparıb, manatları dollar edib komitə sədri Asəf
Məmmədov və sonradan Səhhət Həbibbəyliyə verirdim. Ümumiyyətlə, TIR proqramı
2009-2010-cu illərdə yaradılıb. Bu proqram Səhhət Həbibbəylinin təşəbbüsüdür”.
O qeyd edib ki, maliyyə naziri kimi fəaliyyətə başlayarkən, qurumlara
şişirdilmiş qiymətlərlə vəsaitləri köçürüb və nağdlaşdırma yolu ilə həmin
vəsaitləri mənimsəyiblər: “Maliyyə naziri işləyərkən 2 300 manat maaş alırdım,
15 min manat isə paketim idi”.
Proses mayın 2-dək təxirə salınıb.