Naxçıvanda DYP sürücülərə xəbərdarlıq edib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi (DYP)
İdarəsi dumanlı hava şəraiti ilə bağlı xəbərdarlıq edib.
“Report” xəbər verir ki, xəbərdarlıqda deyilir:
“Hazırda muxtar respublika ərazisində müşahidə olunan dumanlı hava şəraiti ilə
əlaqədar olaraq görünüş məsafəsi məhdudlaşıb. Xüsusilə gecə və səhər
saatlarında temperatur inversiyasının əmələ gətirdiyi qatı duman səbəbindən
magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsinin 50
metrədək məhdudlaşması ehtimal olunur ki, bu da sürücülər üçün bir sıra
çətinliklər yarada bilər.
Qatı duman digər hərəkət iştirakçılarının, habelə yol nişanlarının, nişanlama
xətlərinin, ümumiyyətlə nizamlama vasitələrinin vaxtında və aydın görünməsinə
ciddi maneə yaratdığı üçün sürücülərdən belə havalarda daha diqqətli olmaq,
sürət həddini hava şəraitinə uyğun seçmək, nəqliyyat vasitələrinin, xüsusilə
xarici işıq cihazlarının sazlığına əmin olmaq, dayanma, durma, parklanma, eləcə
də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etmək tələb
olunur.
Piyadalar da dumanlı hava şəraitində sürücülərin yolun hərəkət hissəsini və
kənarlarını görməkdə çətinlik çəkdiklərini nəzərə almalı, belə havalarda yola
çıxarkən məsuliyyət hissini unutmamalıdırlar”.
Qeyd edək ki, bu gün saat 07:00-da Bakıdan Naxçıvana uçmalı olan J2-251 reysi
dumanlı hava şəraiti ilə əlaqədar olaraq saat 12:00-a kimi təxirə salınıb.