57d2499a-5e1d-43a1-ade9-2997236dde58..jpg

Naxçıvanda şəhid ailələrinə, qazilərə mənzillər və avtomobillər verilib – FOTO

Baxış sayı: 461 dəfə baxılıb.

Naxçıvanda şəhid ailələrinə, qazilərə mənzillər və avtomobillər verilib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Naxçıvanda şəhid ailələrinə, qazilərə və sağlamlıq imkanları məhdud şəxslərə
mənzillər və avtomobillər təqdim olunub.

Noyabrın 13-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası
Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli şəhid ailəsi və qazilərlə
görüşüb.

İkinci Qarabağ müharibəsinin üç şəhidinin ailəsinə, 14 qaziyə və Çernobıl Atom
Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılması zamanı sağlamlıq
imkanlarını qismən itirmiş bir nəfərə yeni mənzil təyin olunub, beş qaziyə və
iki sağlamlıq imkanları məhdud şəxsə isə avtomobillər təqdim edilib.

F.Nəcəfli bu ilin ölkəmiz üçün əlamətdar hadisələrlə zəngin olduğunu qeyd
edərək deyib ki, Müzəffər Ali Baş Komandanımızın iştirakı ilə Zəfər Bayramının
3-cü ildönümünü Xankəndidə zəfər paradı ilə qeyd olunub:

“Bu fəxarəti bizə qalib ordunun qalib əsgərləri yaşatdı. Əlahiddə Ümumqoşun
Ordunun əsgər və zabitlərinin də həmin paradda iştirakı xüsusilə qürurverici
idi”.

O qeyd edib ki, dövlətimiz hər zaman şəhid ailələri və qazilərimizin
yanındadır:

“Onların sağlamlığı daim diqqətdə saxlanılır, həyat şəraitinin
yaxşılaşdırılması məqsədilə ardıcıl sosial layihələr həyata keçirilir.
Naxçıvanda şəhid ailələri və qazilərlə bağlı ictimai birliklərin yaradılması bu
layihələrin daha da koordinasiyalı şəkildə yerinə yetirilməsinə, onların
problemlərinin daha operativ həllinə imkan verəcək”.

Səlahiyyətli nümayəndə Zəfər Bayramının 3-cü ildönümü və antiterror
tədbirləri nəticəsində suverenliyimizin tam bərpa olunması münasibətilə
təbriklərini çatdırıb, şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyib.

Sonra Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin
səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli mənzillərin orderlərini və avtomobillərin
açarlarını təqdim edib.

Şəhid Yaqub Nəcəfovun atası Məhəmməd Nəcəfov şəhid ailələrinə və qazilərə
göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıq edib, Zəfər Günü
və digər bayramlar münasibətilə təbriklərini çatdırıb.

Şəhid ailələrinə və qazilərə verilən 2 və 3 otaqlı mənzillər Naxçıvan,
Ordubad, Babək, Şahbuz, Culfa şəhərlərində, eləcə də Sədərək rayonunun
Heydərabad və Kəngərli rayonunun Qıvraq qəsəbələrindəki yaşayış binalarında
yerləşir.

Source link