Naxçıvan şəhərində yerləşən Heydər Əliyev Muzeyində “Heydər Əliyev və
Azərbaycanın yeni enerji strategiyası” bölməsinin açılışı olub.
Cixisyolu.com bu barədə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər
verir.
Bildirilib ki, ilk öncə tədbir iştirakçıları ulu öndərin abidəsini ziyarət
edib, abidənin önünə gül dəstələri düzüblər.
Açılış mərasimi çərçivəsində enerji siyasəti mövzusunda dəyirmi masa təşkil
olunub.
Dəyirmi masada çıxış edən Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci
müavini Elşad Əliyev müasir müstəqil Azərbaycanın qurucusu, ümummilli lider
Heydər Əliyevin müdrik siyasəti sayəsində 1990-cı ildə Naxçıvanın ali
qanunverici orqanında ilk dəfə üçrəngli bayrağımızın dövlət rəmzi olaraq qəbul
edilməsinin ölkəmiz və xalqımız üçün olduqca mühüm tarixi əhəmiyyət kəsb
etdiyini bildirib.
Ulu öndərin fəaliyyətinin bütün dövrlərində Muxtar Respublikanın dayanıqlı
tərəqqisinə diqqət ayırdığını söyləyən E.Əliyev blokada şəraitində olmasına
baxmayaraq, Naxçıvanın davamlı inkişafı, əhalinin rifah halının daha da
yaxşılaşdırılması istiqamətində zəruri addımlar atıldığını bildirib.
SOCAR-ın Kommunikasiya məsələləri üzrə icraçı direktoru Aygün Hüseynova
2024-cü ilin Muxtar Respublikanın yaranmasının 100-cü, “Əsrin müqaviləsi”nin
imzalanmasının 30-cu, Neft Daşlarının yaranmasının isə 75-ci ildönümləri ilə
əlamətdar olduğunu qeyd edib, bu xüsusda, SOCAR-ın təşəbbüsü ilə Naxçıvanda
Heydər Əliyev Muzeyində “Heydər Əliyev və enerji strategiyası” bölməsinin
açılmasının önəmini vurğulayıb.
O, ümummilli liderin müəyyənləşdirdiyi enerji strategiyasının Azərbaycanın
hərtərəfli inkişafındakı rolundan, ulu öndərin neft-qaz sənayemizin inkişafına,
neftçilərə göstərdiyi yüksək qayğıdan bəhs edib.
Ulu öndərin daim Muxtar Respublikanın davamlı inkişafına xüsusi diqqət
ayırdığını bildirən Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin
sədri İsmayıl Hacıyev ümummilli liderin rəhbərliyi ilə Naxçıvanın enerji
təhlükəsizliyinin, əhalinin dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi
istiqamətində əsaslı tədbirlər görüldüyünü vurğulayıb.
Naxçıvanın mədəniyyət nazirinin müavini, nazir vəzifəsini icra edən Həsən
Seyidov ümummilli liderin muxtar respublikada mədəniyyət və incəsənətin
inkişafına, tarixi-mədəni abidələrin qorunmasına daim böyük önəm verdiyini
bildirib və bu sahələrdə görülən işlərdən danışıb.
Heydər Əliyev Muzeyinin fəaliyyəti barədə məlumat verən muzeyin direktoru
Ramil Orucəliyev burada ümummilli liderin həyatı və ictimai-siyasi
fəaliyyətinin müxtəlif dövrlərinə dair nümayiş olunan materialların, tarixi
sənədlərin, nadir fotoların, ulu öndərə məxsus şəxsi əşyaların ziyarətçilər,
tədqiqatçılar tərəfindən böyük maraqla qarşılandığını qeyd edib. Direktor,
həmçinin “Heydər Əliyev və Azərbaycanın yeni enerji strategiyası” bölməsinin
yaradılmasının muzeyin fondunun daha da zənginləşdirilməsinə önəmli töhfə
verdiyini bildirib.
Sonra “Heydər Əliyev və Azərbaycanın yeni enerji strategiyası” bölməsinin
açılışı olub.
SOCAR-ın təşəbbüsü ilə yaradılan bölmədə ulu öndər Heydər Əliyevin yeni neft
strategiyasının icrasını, dahi şəxsiyyətin neft-qaz sənayemizin inkişafına,
neftçilərə yüksək diqqətini əks etdir nadir fotolar yer alıb.
Burada ümummilli liderin adını daşıyan 6-cı nəsil yarımdalma qazma qurğusunun,
“Prezident Heydər Əliyev” tankerinin maketləri, “Əsrin müqaviləsi”nin surəti və
digər maraqlı sənədlər nümayiş etdirilir.
Daha sonra qonaqlar muzey ilə tanış olublar.