e4ff8269-4a1f-47c6-8b36-9c4042edab8c..jpg

Naxçıvandakı toyda mahnı üstündə DAVA: Əraziyə gələn polis vuruldu – MƏHKƏMƏ İŞİ

Baxış sayı: 569 dəfə baxılıb.

Naxçıvandakı toyda mahnı üstündə DAVA: Əraziyə gələn polis vuruldu – MƏHKƏMƏ
İŞİ
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Naxçıvan şəhərində toy mərasimində polisi vuran şəxsə hökm oxunub.

Cixisyolu.com-ın məlumatına əsasən, hadisə 2023-cü ilin 17 iyununda şadlıq
saraylarının birində baş verib.

Belə ki, 1967-ci il təvəllüdlü Əli Qafarov (şərtidir) həmin tarixdə şadlıq
sarayında qardaşı oğlunun toy şənliyində iştirak edib.

Toyda spirtli içki qəbul edən Əli Qafarov qohumlarının mahnı üstündə mübahisə
etdiklərini görüb.

O, bacısı oğlu ilə qardaşı oğlunun mahnı dəyişmək üstündə yaranan
mübahisələrinin davaya keçdiyini görüb. Qohumlarının çölə çıxaraq mübahisəni
davam etdirdiklərini görən Əli Qafarov onları sakitləşdirmək istəyib.

Lakin dava böyüyüb və əraziyə polis əməkdaşları cəlb olunublar.

Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Naxçıvan Şəhər Polis
İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşı bildirib ki, o, iş yoldaşları
birlikdə asayişin təmin olunmasını tələb edib.

“Xahiş edirəm, asayişi pozub səs-küy salmayın, mübahisəyə son qoymaq üçün bu
qədər polis əməkdaşı gəlib. Sakit olun və hörmətsizlik etməyin”, – dedim. Lakin
Əli Qafarov aqressiv şəkildə reaksiya verdi. Bunu görüb özümü polis əməkdaşı
kimi bir daha təqdim etdim, lakin o, “nə edim ki, polissən” deyərək üzərimə
gəlib sifət nahiyəmdən bir yumruq zərbəsi vurdu”, – deyə polis ifadəsində
göstərib.

Polisin aldığı yumruq zərbəsindən üst dodağında qançır əmələ gəlib.

Daha sonra Əli Qafarov polisə zor tətbiq etməklə müqavimət göstərməyi davam
etdirmək istəsə də, polis əməkdaşları onu post-patrul avtomobilinə mindirməyə
nail olublar.

Əli Qafarov ifadəsində qeyd edib ki, sərxoş olduğundan hadisəni tam olaraq
xatırlamır. O, baş vermiş hadisəyə görə üzr istədiyini və peşman olduğunu
bildirib. Ona yüngül cəza verilməsini xahiş edib.

Zərərçəkmiş isə təqsirləndirilən şəxsi bağışladığını, onun sərxoş olduğundan
bu əməli törətdiyini, ondan şikayət və tələbinin olmadığını bildirib.

Naxçıvan Şəhər Məhkəməsinin dekabrın 8-də keçirilən iclasında cinayət işi ilə
bağlı hökm oxunub.

Hökmə əsasən, Əli Qafarov Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə (Hakimiyyət
nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) təqsirli bilinib.

Hökmə əsasən, Əli Qafarov 2 il 3 ay müddətinə azadlığın məhdudlaşdırılması
cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və
məhkəmə iclas zalında dərhal həbsdən azad edilib.

Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəsini alanadək başqa yerə
getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Aqil Vəlili

Source link