Naxçıvanın qədim Nuh türbəsi – FOTOREPORTAJ
Naxçıvan şəhərində yerləşən Nuh Peyğəmbər türbəsi şəhərin ən qədim memarlıq
abidələrindən biri hesab olunur.
Cixisyolu.com xəbər verir ki, türbədə Nuh peyğəmbərin dəfn edildiyinə inanılır. Abidə
Naxçıvan şəhərində Köhnəqala ərazisindəki arxeoloji qazıntılar zamanı aşkar
edilib.
Naxçıvanla bağlı olduğu iddia edilən və burada geniş yayılmış “Nuh tufanı”
əfsanəsində göstərilir ki, Nuh peyğəmbər yer üzünü su basacağı barədə Tanrıdan
xəbər alaraq bir gəmi düzəldib, öz ailəsini və hər canlıdan bir cüt götürüb
gəmiyə doldurub. Səfər zamanı gəmi Naxçıvanın şərqindəki İlandağa (əfsanəyə
görə İnandağa), Ordubaddakı Ələngəz dağına və Araz çayı sahilindəki Kəmki
dağılarına toxunaraq keçib, Gəmiqayada quruya oturub. Nuh peyğəmbər gəminin
toxunduğu dağlara ad verib. Əfsanəyə görə, Nuhun gəmisi Gilançayın yuxarı
axarındakı, Gəmiqaya adlı yerdə lövbər salıb və gəminin qalıqları indi də
buradakı “Ayı çuxuru” adlı yerdə qalmaqdadır.
Bu əfsanə Nuh tufanı haqqında qədim şumer və yəhudi əfsanələri ilə bu və ya
digər dərəcədə səsləşir. Tədqiqatçı R. Sultanovun fikrincə, tufan Ağrı dağında
vulkan püskürməsi ilə əlaqədar Dəclə və Fərat çaylarının daşması nəticəsində
baş verib. Deməli, Ağrı dağına yaxın olan Araz çayında, daha doğrusu Naxçıvanın
özündə də güclü daşqın olub. Ə. Hüseyni isə Gəmiqayada Nuh peyğəmbərlə bağlı
qədim yazı olduğunu qeyd edib. Ümumilikdə Nuh əfsanəsi e.ə. II minilliyin
ortalarında şumerlilər tərəfindən ilk dəfə yazıya alınıb. Bir sıra tarixçi və
coğrafiyaşünasların fikrincə bu, Naxçıvan şəhərinin salındığı tarixlə eyni
dövrə təsadüf edir.
Naxçıvanda Nuhdaban adlı qədim kəndin xarabalıqları, Nəhəcir (güman ki,
Nuhəcir) dağı və kəndi indi də qalmaqdadır. Erməni tarixçisi M. Çamçıyan, XVI
əsr ərəb coğrafiyaşünası Əl-Əşrəfi də Nuhun gəmisinin və qəbrinin Naxçıvanda
olduğunu qeyd edirlər. Tanınmış Azərbaycan rəssamı Bəhruz Kəngərli yağlı boya
ilə “Nuhun qəbri” rəsmini çəkib. Əsər hazırda Azərbaycan Dövlət İncəsənət
Muzeyində saxlanılır. Orta əsrlərdə xalq arasında Nuh peyğəmbərin məzarı kimi
ziyarət edilən yerdə türbə inşa edilib.
Photostock.az-ın Nuh türbəsindən hazırladığı fotoreportajı təqdim edirik:
Daha çox foto burada: PhotoStock.az