Nazim Bəydəmirlinin istintaqı yekunlaşıb: Məhkəmə başlayır
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Hədə-qorxu ilə tələb etməkdə ittiham olunan sabiq deputat Nazim Bəydəmirlinin
barəsində olan cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
APA xəbər verir ki, istintaq orqanı tərəfindən toplanmış materiallar baxılması
üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Fərid Namazovun sədrliyi ilə araşdırılacaq.
Qeyd edək ki, sabiq deputat Nazim Bəydəmirliyə Cinayət Məcəlləsinin 182.2.4-cü
(hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə
törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Daha sonra isə istintaq orqanı tərəfindən Nazim Bəydəmirli barəsində Cinayət
Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu təkrarən tələb etmə) maddəsi ilə yenidən
ittiham irəli sürülüb.
Nazim Bəydəmirli vətəndaşın müraciəti əsasında araşdırmaya cəlb edilib. Qeyd
olunub ki, vətəndaş polisə müraciət edərək N.Bəydəmirlinin onun barəsində
rüsvayedici görüntülərin olduğunu qeyd edərək ondan 50 min manat tələb etdiyini
bildirib. O, iyunun 24-də N.Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan
məbləği vermədiyinə görə şikayətçini ailəsi ilə şantaj edərək rüsvayedici
görüntüləri yayacağını bildirib. N.Bəydəmirli bu müraciət əsasında saxlanılıb.