9119bb02-fadc-485a-b324-cf9b747fa942..jpg

Nazim Qasımzadə: “Arvadı atdan qorxduğu üçün “Həcər” obrazını Ənvər Həsənov özü oynayıb” – MÜSAHİBƏ+FOTO/VİDEO

Baxış sayı: 610 dəfə baxılıb.

Nazim Qasımzadə: “Arvadı atdan qorxduğu üçün “Həcər” obrazını Ənvər Həsənov
özü oynayıb” – MÜSAHİBƏ+FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“TikTok” sosial şəbəkəsində səviyyəmi qorumaq üçün canlı yayım açmıram. Həm
əlçatan olmaq istəmirəm, həm də buna zamanım yoxdur”.

Bunu Cixisyolu.com-a müsahibəsinə “TikTok” sosial şəbəkəsində musiqi, kino və
aktyorlar barədə məlumat paylaşan bloqerNazim Qasımzadə deyib.

Bloqerlə müsahibəni təqdim edirik:

– Nazim bəy, necəsiniz? İşləriniz necədir?

– İşlərim yaxşıdır. Öz axarında davam edir. Yeni mövzu axtarışındayam. Vloqlar
hazırlanır. Əvvəldən keçmiş kinolarımız, musiqilərimiz və aktyorlarımızın
həyatı mənim marağımda olub. Bu da həvəsimdən irəli gəlir. Bəzən yol gedən
zaman məlumatları tapıb, oxuyuram ki, vaxt itkisi olmasın.

Məlumatları tapmağa çalışıram. Bəzən unudulan şəxsləri tapmağa çalışıram.
Təəssüf ki, bu gün yersiz və bayağı mövzular daha çox gündəm olur. Amma elmi
mövzulara toxunulmur. Görünür bayağı trenddədir.

– Özünüz haqqında məlumat verməyinizi istərdim.

– Lənkəranda böyümüşəm. Hazırda 26 yaşım var. 2018-2019-cu illərdə jurnalist
olaraq fəaliyyətə başlamışam. Ali təhsili başqa sahə üzrə almışam. Kimsə məni
yaxınına buraxmırdı. Jurnalistikaya başlayanda mənə deyirdilər ki, rayondan
gəlmisən, təhsilin də yoxdur. Deyirdim ki, bacaracağam. Mənə inanıb, etibar
edənlər də oldu. Onların sayəsində tanındım. Vaxt var idi ki, məni görməzdən
gəlirdilər. Gözlədiyim adamlar qapını üzümə bağladılar. Videolarım baxılandan
sonra həmin insanlar alqışladılar. Film və sənətkarlarımızı araşdırmaq hər
zaman ürəyimdə olub. Heç vaxt bu hobbini ürəyimdən atmamışam.

– Nazim bəy, “TikTok” platformasında sizin videolarınızla qarşılaşdıq.
Mahnılarımızın və filmlərimizin tarixi ilə bağlı araşdırma aparırsınız. Necə
oldu ki, bu layihəyə başlamaq qərarına gəldiniz?

– İlk dəfə nəşi yandırılan Əməkdar artist Sona Aslanova ilə başlamışam. İlk
videonu onunla bağlı hazırladım. Mən həmin gün studiyaya ad günü çəkilişi etmək
üçün getmişdim. Düşündüm onu oxuyum. Birdən oldu. Avtobusda gedəndə haqqında
məlumat oxumuşdum. Çox təəccüblənmişdim. Düşündüm ki, onun haqqında danışım.

Bir gecədə ulduz oldum. Gecə paylaşdım. Video 700 min izlənmişdi. Özüm
təəccübləndim. Ötən ilin aprel ayından başlamışam.

“Instagram”da paylaşmağı risk etmirdim. Düşünürdüm ki, izləyicim azdır.
Videonu da proqram qəbul etməyə bilər. Baxış sayı az olanda da məyus oluram.
Səhvi özümdə axtarıram. Düşünürəm ki, bəlkə səhv qurmuşam.

Videoların arxasında yuxusuz gecələr dayanır. Bəzən şəxslərin ailə üzvləri ilə
əlaqə saxlayıram. Bir gün səhər saat 5 radələrinə qədər Rübabə Muradovanın
həyatını oxudum. Onun səsi canlı orkestrdir. Çox əziyyətlər və zülmlər görüb.
Oxuyub, dəhşətə gəlirdim. Həyatı məni çox təəccübləndirmişdi. Leyla
Bədirbəylinin həyatı da təsirləndirmişdi. Leyla xanım Azərbaycanın və Qafqazın
gözəli idi. Dərd və qəm içində solub. Övladını və həyat yoldaşını itirib.
Yoldaşı avtomobil qəzasında həyatını itirib. Ardınca qızı da yolu keçəndə
qəzaya səbəb olub. Bir il intervalla olub bu iki hadisə, bunlardan sonra
aktrisa solub. Hər şeydən küskün şəkildə də dünyasını dəyişib.

– Çəkiliş üçün xüsusi məkan seçə bilirsinizmi?

– Sanballı görünməsi üçün maraqlı yerlər axtarıram. Studiya çəkilişləri
edirəm. “TikTok” sosial şəbəkəsində artıq bir ilim olacaq. Videolarım “YouTube”
üzərindən də kifayət qədər baxış əldə edib. Yarım milyon izlənilib.

– Sosial şəbəkə üzərində qazancınız olur?

– “TikTok” bir qəpik də qazanmamışam. Canlı yayım da açmıram. Səviyyəmi
qorumağa çalışıram. Həm də canlı yayım açsam, çox tez əlçatan olaram.

Bu gün sosial media vasitəsilə Azərbaycan tamaşaçısı sevdiyi adama asanlıqla
çıxa bilir. Onsuz da canlı yayım açsam da, sənətkarların həyatından, filmlərdən
və musiqilərin tarixindən danışacağam. “TikTok”da belədir ki, 100 min izləyici
olandan sonra şərh yerinə hədiyyə ata bilirlər. 25 min izləyicim var. Səhifəni
özüm yığmışam. Hazır olmayıb.

– Nazim bəy, sizə reklam təklifləri gəlib?

– Bəli. Bəzən reklam təklifləri gəlir. Reklama çəkilməmişəm. Baxmışam ki,
uyğun deyil. Yalandan kimi isə tərifləyə bilmərəm. Kütləni qoruyub saxlamaq
əsasdır. Saxlamağa çalışıram.

– Sizdən sonra bu mövzulara toxunulduğunu dediniz.

– Məndən sonra hamı oyandı. Bu mövzuda verilişlər çəkilir. Yatmışdılar
oyandılar. Efir daha çox məsuliyyətdir. Bu gün video hazır olmadısa, sabah edə
bilərəm. Efir elə deyil. Təkliflər yaxşı olmadığından dəyərləndirməmişəm. Efirə
çıxıramsa, yaxşı çıxmaq istəyirəm. Mədəniyyətdən anlayışı olmayanlar
mədəniyyətdən danışırlar. Bilgiləri belə yoxdur. Gözəl studiya, peşəkar
aparıcı, amma qonaqda mövzu sınır.

Bəzən dost tanış atır ki, sənin layihənin eynisidir. Deyirəm ki, “eybi yox,
qoy bunun təbliğini aparsınlar, mən kölgədə qalım, eybi yox”.

– İlk hansı musiqinin tarixini araşdırdınız? Həmin günü necə xatırlayırsınız?

– “Laçınım” musiqisi mənə uğur gətirdi. Onun haqqında Laçın Şəhəri Günü
danışdım. Həmin gün video üç milyon baxıldı. “Laçınım”dan sonra “Sən gəlməz
oldun”un tarixini araşdırdım. Çünki həmişə qulaq asanda kədər hiss edirdim.
Düşünürdüm ki, görəsən niyə? Ələkbər Tağıyev çox gənc yaşında vəfat edən
qardaşının gəlini Sevdaya yazıb. Sevda xərçəng xəstəsi olub. Mübarizə aparsa
da, sonda məğlub olub. Türkiyədə də bu mahnı sevilir. Videonu paylaşdım. Gördüm
maraqlı rəy gəlir. İnsanlar kövrəlir. Kövrəltməməyə çalışıram. Qürur hissi
yaşatmaq istəyirəm.

– İşinizi hansı şəkildə sistemləşdirirsiniz? Bu sizin neçə saat vaxtınızı alır?

– Günlərlə vaxtımı alır. Situasiyadan asılıdır. Mən uşaqlıqda Azərbaycan
filmlərinə baxmışam. Sistemləşdirmək çətindir. Bəzən ətrafımdakılara deyirəm
ki, Azərbaycan filmlərindən hansını xoşlayırsınız? Belə-belə axtarıram.

“Qaçaq Nəbi” (“Qanlı zəmi”) filmindəki “Həcər”in hadisələri elə həyatda da
film kimi olmuşdu. Həyat yoldaşı onu çox qısqanırdı. At “Həcər”i dağlara
aparırdı. Ənvər müəllim (“Sirac” rolunun ifaçısı Ənvər Həsənov – red.) at
səhnələrini özü oynayır. Mömünat xanımı (“Həcər” rolunun ifaçısı Mömünat
Qurbanova – red.) qorumaq üçün. Həyat yoldaşına görə, at səhnəsinə özü çəkilib
(xanımı atdan qorxduğu üçün onu qadın kimi qrimləyiblər). Mömünat xanım 50
yaşında doğum günündə avtomobil qəzasında dünyasını dəyişib.

“Qal sənə qurban” mahnısından danışdım. Çox baxış sayı gəldi. Başlığa da
qoymuşdum ki, indi elə sevgilər tarixə qovuşub.

– Mahnıları necə seçirsiniz?

– Mən, ümumiyyətlə, retro mahnılarını sevirəm. Bəzən unudulmuş mahnıları tapıb
dinləyirəm. Və düşünürəm ki, tarixini araşdırmaq lazımdır.

– Ən çox bəyəndiyiniz araşdırmanız hansıdır?

– Bu günə qədər 100-dən çox araşdırmam var. Ayırmaq olmur. Öz övladım kimidir.
Hamısını bəyənirəm. Hər birinin üzərində əziyyətim var. Onu necə ayırım?

– Bəzən kövrəldiyinizi dediniz.

– Məşhurlarımızın əksəriyyətinin həyatı o qədər çətin olub ki, danışanda
kövrəlirsən. Şəfa Hüseynova haqqında danışanda kövrəlmişəm. 30 yaşında vəfat
edib. Arzusu Alim Qasımovu canlı dinləmək olub. Ailəsi onu komadan ayıltmaq
üçün Alim Qasımovdan xəstəxanaya gəlib oxumasını xahiş ediblər. Alim bəy gəlib,
oxuyub, amma Vəfa ayılmayıb.

– Bu layihəyə başlamaqda sizə kim dəstək göstərib?

– Heç kəs olmadı. Bir-iki dostum dəstək oldu. Gözlədiklərim dəstək olmadı.
Sədd qoymağa çalışdılar. Məni görməzdən gələnlər indi dəridən-qabıqdan çıxırlar.

– Başqa nə kimi planlarınız var?

– Efirdə böyük layihə ilə bu mövzuların üzərində işləmək istəyərəm. İndi bir
dəqiqəyə sığdırmağa çalışıram. Efirdə olsa, daha uzun alınar. Planlarımız
çoxdur. Yavaş-yavaş başlayıram.

– İnsanlar necə münasibət göstərdi?

– Qınaq olmadı. Tənqid və təhqir də olmadı. “TikTok”da tənqid olunmayan yeganə
insanam. Deyirlər ki, “nə etsən də, tamaşaçı tənqid edəcək”. Xeyr, belə deyil.
Sənətkarların övlad və ya nəvələri hədiyyə göndərirlər. Götürmürəm. Ummuram.
Xaricdən də göndərirlər.

– İzləyicilərinizin xarici ölkələrdən daha çox olduğunu dediniz.

– Məni izləyənlərin çoxu xaricdə yaşayan azərbaycanlılardır. Şərhdə yazırlar.
Xaricdə yaşayanlara daha çox maraqlıdır. Bəzən videolara altyazı verirəm ki,
xaricilər də başa düşsünlər.

– Bir müddət əvvəl sənət adamları ilə çalışırdınız. İndi bəs?

– Hamı ilə dostluğum qalıb. Keçmişi də unutmuram. Bəziləri dönük çıxdılar.
Gördülər ki, Nazim nə varsa, odur.

– Sosial şəbəkə hesabınızın təhlükəsizliyini necə təmin edirsiniz?

– Səhifəni sıfırdan özüm yığmışam. Ona görə, şirkət tərəfindən təhlükəsizliyi
qorunur.

Daha çox foto burada: PhotoStock.az

Nəzrin Vahid


Source link