Nazir: “Azərbaycan Orta Dəhlizin Şərqlə Qərbi birləşdirən ticarət yolunun
yaranmasında mühüm rol oynayıb”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Beynəlxalq nəqliyyat dəhlizlərində həlledici qovşaq kimi mövqe tutan
Azərbaycan Orta Dəhlizin Şərqlə Qərbi birləşdirən etibarlı ticarət yolu kimi
yaranmasında mühüm rol oynayıb”.
“Report” xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl
Cabbarov Bakıda keçirilən Azərbaycan-Slovakiya Biznes Forumunda deyib.
Onun sözlərinə görə, Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə
təşəbbüs göstərməklə Orta Dəhlizin əsasını qoyub.
Nazir vurğulayıb ki, Azərbaycan strateji coğrafi mövqeyindən istifadə edərək,
sənaye zonalarını və Ələt Azad İqtisadi Zonasını (AFEZ) əhatə edən çoxsaylı
xüsusi iqtisadi zonalar yaradıb: “AFEZ ixrac üçün yüksək dəyərli malların
istehsalı üçün innovativ texnologiyalardan istifadə etməkdə maraqlı olan
investorları cəlb etmək məqsədi daşıyır. Xəzər dənizinin ən böyük limanı olan
Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yaxınlığında yerləşən AFEZ öz
rezidentlərinə vergi güzəştləri və gəlirlərini repatriasiya etmək azadlığı
təklif edir”.