Nazir: Finala gələcək azarkeşlər məskunlaşmaq problemi yaşamayacaq

Baxış sayı: 3. 370 dəfə baxılıb.

Nazir: Finala gələcək azarkeşlər məskunlaşmaq problemi yaşamayacaq

Növbəti çox vacib və çox möhtəşəm tədbirə 76 gün qalıb. İyulun 21-də Bakıda XV Avropa Olimpiya Gənclər Festivalı başlayacaq. 

ÇıxışYolu.Com xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov deyib.

Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi və Avropa Milli Olimpiya Komitələrinin nümayəndə heyətinin rəhbərlərinin toplantısına qatılan nazir yarış və hazırlıq barədə fikirlərini açıqlayıb: 

“Bunu Avropa gənclərinin oyunları adlandırmaq olar. Bu tədbir təkcə Azərbaycan deyil, bütün Avropa idmanı üçün vacibdir. Burda gənclər sınaqdan keçəcəklər ki, onlar gələcəkdə dünya və Avropa çempionatları, Olimpiya Oyunlarında öz peşəkarlıqlarını nümayiş etdirsin. Bunun üçün Bakıda yerləşən 12 idman qurğusu və Atletlər Kəndində yataqxana hazırlanır. Müxtəlif tədbirlər də təşkil olunacaq.

Biz istərdik ki, bu, tək idman deyil, Avropa idmançılarının, Avropa gənclərinin dostluq festivalı olsun. Bir-biriləri ilə tanış olsunlar, öz mədəniyyətlərini, tarixlərini göstərə bilsinlər. Belə düşünürük ki, Azərbaycana gələcək dörd mindən artıq idmançı və nümayəndə heyətləri üçün bu tədbir indiyədək yüksək səviyyədə keçiriləcək. Bütün qonaqlar Azərbaycandan razı qayıdacaq”.

Azad Rəhimov Avropa Liqasının Bakıda keçiriləcək final oyununa gələcək turistlərin qəbulu ilə bağlı problemin yaşanıb-yaşanmaması ilə bağlı suala da aydınlıq gətirib:

“Əsas vacib olan məsələ hotellərdə olan yerlərdir. Azərbaycanda hotellərdə 17 mindən artıq otaq var. Onların bəzilərində iki nəfər qala bilər. Bu da onu göstərir ki, Bakıya gələcək azarkeşlər hotellərdə yerləşə bilərlər. Təcrübə göstərir ki, Bakıda çox sayda mənzillər kirayəyə verilir. Gələn qonaqlar da bu mənzillərdən istifadə edirlər”.