Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycan üçün prioritet məsələlərdən biridir.
ÇıxışYolu.Com məlumat verir ki, bunu bu gün Bakıda – Milli Məclisdə (MM) keçirilən Avropa İttifaqı (Aİ) – Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 15-ci iclasında xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bildirib.
O deyib ki, hazırda qarşılıqlı faydalı əməkdaşlıq tərəflərin marağındadır.
Onun sözlərinə görə, tərəfdaşlıq və əməkdaşlıq sazişinin imzalanması, vizaların asanlaşdırılması, mobillik sahəsində tərəfdaşlığa dair müştərək bəyannamə və digər addımlar uğurlu əməkdaşlığa yol açıb.
Nazir müavini bildirib ki, Azərbaycan hazırda Aİ-nin Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır:
“Qarşılıqlı hörmət və ortaq maraqlarla bağlı saziş tərəfdaşlığımızın strateji bünövrəsini formalaşdırır, amma yeni sazişin imzalanması vacib məsələdir. Enerji sahəsində strateji anlaşma olduqca vacib məsələ idi.
Şərq Tərəfdaşlığı çərçivəsində keçirilən Riqa sammitində Azərbaycan müvafiq mövqeyini açıqlayıb. Biz 2016-2017-ci illərdə Azərbaycan və Avropa İttifaqı arasında sazişlə bağlı görülən işlərdən danışa bilərik. Söhbət üç istiqamətdən gedir.
Birinci, siyasi sahədə Azərbaycan üçün əsas məsələ qarşılıqlı öhdəliklərin əks etdirilməsidir. Bu, beynəxalq çərçivədə qəbul edilmiş sərhədlərin tanınmasını özündə ehtiva edir. Azərbaycanın ərazi toxunulmazlığı həm də Avropa üçün bir məsələdir.
Bütövlükdə regionun sabitliyi və inkişafı üçün önəmli məsələdir. Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyünü qəbul etməsi tərəflərin münasibətləri üçün böyük əhəmiyyət kəsb edir. Biz insan hüquqları və demokratiya məsələləri barədə razılığa gəlmişik.
İkinci, ticarət və investisiya məsələləri vacib sahədir. Bu danışıqlar Ümumdünya Ticarət Təşkilatının prinsiplərinə uyğun aparılmalıdır. Keçmişdə Avropa İttifaqı müəyyən çevik yanaşmanı müəyyən edib. Bu, Ümumdünya Ticarət Təşkilatına üzv olmayan ölkələri əhatə edib.
Üçüncü, sektoral məsələlər, elm, təhsil və innovasiyalar, mədəniyyət, gənclər, turizm fəsillərini tamamlamışıq. Bir sıra məsələlər barədə razılıq əldə edilib. Buraya enerji sahəsində əməkdaşlıq daxildir. Vətəndaş cəmiyyətinə dair məsələ ilə bağlı müvafiq razılıq əldə etdik”.
M.Mahmudquliyev deyib ki, iqtisadi inkişaf, ticarətin genişləndirilməsi, ətraf mühit, qanunun aliliyi, multikulturalizm məsələləri ilə bağlı irəliləyiş əldə edilə bilər.
Readmissiya sazişinin imzalanmasının önəmli məsələ olduğunu qeyd edən nazir müavini bildirib ki, bunun vətəndaşlarımıza faydaları olacaq:
“2020-ci ilə – Brüssel sammitinə qədər Avropa İttifaqı və Azərbaycan arasında razılaşma əldə edilə bilər. Eyni zamanda, bir daha qeyd edirəm ki, Azərbaycanın işğal altında qalan torpaqları ilə bağlı məsələ həll olunmalıdır.
İşğal altındakı ərazilərdən təbii sərvətlər, mal və xidmətlər Avropa İttifaqı ölkələrinin bazarlarına çıxarılır. Avropa İttifaqı beynəlxalq öhdəliklərə əsasən, müvafiq qaydaların pozulmasına yol verməməlidir.
Fərdi və hüquqi şəxslər tərəfindən Azərbaycanın ərazi bütövlüyünün pozulmasına şərait yaradılmamalıdır. Avropa İttifaqından olan şirkətlər, onların filialları və törəmə şirkətləri Dağlıq Qarabağ və ətraf ərazilərdə fəaliyyət göstərir. Onlar Azərbaycan qanunvericiliyini pozmuş sayılırlar.
Mənşə ölkə kimi həmin mallarda Ermənistan göstərilir. Halbuki mineral sərvətlərdən və təbii ehtiyatlardan danışırıqsa, Ermənistan bu sərvətləri istismar edərək Avropa İttifaqına satır. Təklif edirik ki, İşçi Qrupu yaradılsın və bu məsələlər hüquqi müstəvidə həllini tapsın”.
Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com