Nazir müavini: “Korkut Ata” Film Festivalı gənclərin vətənpərvər ruhda
yetişməsinə töhfə verəcək”
“III “Korkut Ata” film festivalı türk dünyası gənclərinin vətənpərvər ruhda
yetişməsinə töhfə verəcək”.
“Report”un xəbərinə görə, bunu mədəniyyət nazirinin müavini Fərid Cəfərov III
“Korkut Ata” Türk Dünyası Film Festivalındakı çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu gün türk dövlətləri arasında çoxçeşidli əməkdaşlıq
mövcuddur:
“Təbii ki, bu əməkdaşlıq kino sahəsində də xüsusilə davam etdirilir və türk
dünyası gənclərinin vətənpərvər ruhda yetişməsinə töhfə verəcək”.
F.Cəfərov vurğulayıb ki, festival çərçivəsində Nizami Kino Mərkəzində 36 film
nümayiş etdiriləcək:
“Əminəm ki, xalqımız nümayiş olunan filmləri izləyəcək və paytaxtımızda kino
bayramı ab-havası yaşanacaq”.
Qeyd edək ki, bu gün Bakıda III “Korkut Ata” Türk Dünyası Film Festivalının
rəsmi açılış mərasimi keçirilir. Heydər Əliyev Mərkəzində keçirilən festivalda
Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistanla
yanaşı, Qaqauz Yeri (Moldova), Tatarıstan, Altay və Başqırdıstandan (Rusiya
Federasiyası), həmçinin azsaylı türk xalqlarından təqdim olunan 40-a yaxın
bədii, sənədli və animasiya filminin oktyabrın 8-dən 11-dək Nizami Kino
Mərkəzində nümayişi baş tutacaq.