0cf4e322-dbe1-4c8f-8311-72811901c24e..jpg

Nazir müavini: “Laçın Hava Limanının tikintisi üzrə işlər sürətlə davam etdirilir” – FOTO

Baxış sayı: 549 dəfə baxılıb.

Nazir müavini: “Laçın Hava Limanının tikintisi üzrə işlər sürətlə davam
etdirilir” – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şuşa şəhərində Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin
mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının
İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Nəqliyyat, rabitə və
yüksək texnologiyalar üzrə İşçi Qrupunun növbəti iclası keçirilib.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, iclasda “Azərbaycan Respublikasının işğaldan azad edilmiş
ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda nəqliyyat və rabitə
infrastrukturu üzrə qarşıya qoyulmuş tapşırıqların icrası ilə bağlı görülmüş
işlər, hazırda davam edən layihələr və gələcək planlara dair aidiyyəti
qurumların məlumatları dinlənilib, layihələrin icrası ilə bağlı mövcud
imkanlar, qarşıya çıxan çətinliklər və onların həlli yolları geniş müzakirə
edilib.

İclası giriş sözü ilə açan rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini,
İşçi Qrupunun rəhbəri Rəhman Hümmətov qeyd edib ki, Dövlət Proqramının
Tədbirlər Planında avtomobil və dəmir yollarının bərpa və tikintisi, yeni hava
limanlarının tikintisi kimi strateji layihələr yer alıb:

“Bunlardan artıq bir neçəsi – “Zəfər yolu”, Laçın şəhərinə daxil olmadan yeni
avtomobil yolu, Füzuli-Hadrut avtomobil yolu, Füzuli və Zəngilan Beynəlxalq
Hava limanlarının tikintisi uğurla icra olunub. Laçın Hava Limanının tikintisi
üzrə işlər sürətlə davam etdirilir, hazırda layihə üzrə işlərin ümumi icra
vəziyyəti 53 faiz təşkil edir”.

Nazir müavini əlavə edib ki, Bərdə-Ağdam (47,1 km) və Horadiz-Ağbənd (110,4
km) dəmir yolu xətlərinin tikintisi işləri də davam etdirilir. Layihələr üzrə
əldə edilmiş fiziki tərəqqi uyğun olaraq 83 və 44 faiz təşkil edir.

Rəhman Hümmətov hazırda ümumi uzunluğu 2 157 kilometr olan 17 layihə üzrə
avtomobil yollarının tikintisi işlərinin qrafikə uyğun aparıldığını və bunların
da əksəriyyətinin respublika əhəmiyyətli yollar olduğunu diqqətə çatdırıb.

Daha sonra nazir müavini işğaldan azad edilmiş ərazilərdə radio-televiziya
yayımı, mobil rabitə və sabit telekommunikasiya şəbəkəsi üzrə görülmüş və
planlaşdırılan işlər barədə məlumat verib. Bildirib ki, hazırda ərazidə bərpa
edilən radio-televiziya yayım stansiyaları vasitəsilə on televiziya və yeddi
radioproqramın yayımı həyata keçirilir. Mobil telekommunikasiya xidmətlərinin
təşkili üçün antiterror əməliyyatları nəticəsində azad edilən ərazilər də daxil
olmaqla, 330 ədəd baza stansiyası quraşdırılıb. Şuşa, Laçın, Füzuli, Zəngilan
və digər ərazilərdə telefon və yüksəksürətli internet xidmətləri göstərilir.

Rəhman Hümmətov “Yolumuz Qarabağa” portalı üzərindən Şuşa, Ağdam və Füzuli
şəhərinə indiyədək təşkil edilən avtobus marşrutları barədə iclas
iştirakçılarını məlumatlandırıb:

“Bu istiqamət üzrə ümumilikdə 639 reys həyata keçirilib, 26 226 sərnişin
işğaldan azad olunmuş əraziləri ziyarət edib”.

Nazir müavini, həmçinin, Şuşa şəhərində hazırda abunəçilərə yeni
texnologiyalar əsasında telefon və sürətli internet xidmətlərinin verildiyini,
tikinti və bərpası icra edilən ictimai əhəmiyyətli binaların telekommunikasiya
xidmətləri ilə təmin edilməsi üçün layihələndirmə işlərinin aparıldığını,
müxtəlif istiqamətlər üzrə magistral və abunəçi fiber-optik xətlərin çəkilməsi
işlərinin görüldüyünü qeyd edib.

İclas çərçivəsində işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Şuşa şəhərində
yol-nəqliyyat infrastrukturunun qurulması, avtonəqliyyat və sərnişindaşıma
xidmətlərinin təşkili məsələləri, mövcud tələbat və imkanlar geniş müzakirə
edilib.

Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının sektor müdiri Elmir
Vəlizadə, Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi
nümayəndəliyinin təmsilçisi Kənan Quliyev, Azərbaycan Avtomobil Yolları Dövlət
Agentliyinin İdarə Heyəti sədrinin müavini Əvəz Qocayev, “Azərbaycan Dəmir
Yolları” QSC-nin sədrinin müşaviri Nazim Talıbov, həmçinin digər iştirakçılar
çıxışlarında işğaldan azad edilmiş ərazilərdə “Böyük Qayıdışa dair I Dövlət
Proqramı”na uyğun olaraq həyata keçirilən infrastruktur layihələrinin
əhəmiyyəti, onların icrasının İdarələrarası Mərkəz vasitəsilə
əlaqələndirilməklə aidiyyəti qurumlar tərəfindən həyata keçirilməsi, ərazilərdə
mina təhlükəsizliyi üzrə tədbirlərin daim nəzarətdə saxlanılması, yeni
salınacaq yaşayış məntəqələrinə əhalinin köçürülməsi və məşğulluğunun təmin
edilməsi və digər vacib məsələlər barədə qarşıda duran vəzifələrdən danışıblar.

İclasda Dövlət Proqramında sahə üzrə nəzərdə tutulan tədbirlərin vaxtında
icrası ilə əlaqədar aidiyyəti qurumlarla birgə tədbirlər görülməsi, həmçinin
yerlərdə tikinti-quraşdırma və bərpa işlərində müasir texnologiyaların
tətbiqinin zəruriliyi və digər məsələlərlə bağlı müvafiq qərarlar qəbul olunub.

Səfər müddətində həmin ərazilərdə icra edilən bəzi layihələrə, o cümlədən Şuşa
şəhərinin daxili yol-nəqliyyat şəbəkəsinin tikintisi işlərinə, şəhərdə
telekommunikasiya şəbəkəsinin qurulması və rabitə xidmətlərinin təşkili üzrə
görülən işlərə və Əhmədbəyli-Füzuli-Şuşa 4-6 hərəkət zolaqlı alternativ yolun
tikintisinə baxış keçirilib.

Source link