Nazir müavini: “Laçın və Şuşanın nəqliyyat planları hazırdır”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Regionların inkişafı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin
diqqətindədir”.
Cixisyolu.com xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin
müavini Rəhman Hümmətov bu gün keçirilən Azərbaycanda Mobilliyin
Transformasiyası Proqramının təqdimatında çıxışı zamanı deyib.
R.Hümmətovun sözlərinə görə, digər regionların da nəqliyyat planları
hazırlanıb:
“Bütün şəhərlər üzrə nəqliyyat planları hazırlanır. Artıq Laçının nəqliyyat
planı hazırdır. Həmçinin Laçın-Zabux marşrutunun planı da hazırdır. Bu baxımdan
eyni addım Şuşa üçün də atılıb”.
Nazir müavini son günlər gömrük-keçid məntəqələrində TIR-ların sıxlığına da
münasibət bildirib:
“Son illər ölkəmizə məxsus yükdaşıyan nəqliyyat vasitələrinin sayı kəskin
artıb. Əgər əvvəl cəmi 2000 yükdaşıyan nəqliyyat vasitəsi var idisə, bu gün bu
rəqəm 12 600-a çatıb. Gömrük-keçid məntəqələrinin genişləndirilməsi gündəmdədir
və bu istiqamətdə də addımlar atılır. Amma bu, sinxron şəkildə olmalıdır. Belə
ki, Azərbaycanla Gürcüstan sərhədində yük maşınlarının nizamlanmasına baxanda
bu ölkənin Türkiyə və digər ölkələrlə sərhədindəki mənzərəni də nəzərə almaq
lazımdır”.
Könül Cəfərli