Nazir müavini: Müəllimlər arasında öz ixtisas fənlərini yaxşı bilməyənlər var

Nazir müavini: Müəllimlər arasında öz ixtisas fənlərini yaxşı bilməyənlər var

Baxış sayı: 3. 430 dəfə baxılıb.

Nazir müavini: Müəllimlər arasında öz ixtisas fənlərini yaxşı bilməyənlər var

Müəllimlərin diaqnostik qiymətlədirməsinin nəticəsi əsasında məlum olub ki, təhsil sahəsində öz ixtisas fənlərini kifayət qədər yaxşı bilməyən insanlar çalışır. Bu da təəssüf doğurur.

ÇıxışYolu.Com-ın məlumatına görə, bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva bildirib. 

Onun sözlərinə görə, bu gün də təhsil sistemində çalışanlar arasında öz ixtisas fənlərini yaxşı bilməyən müəllimlərə rast gəlinir: “Onların sayı çox olmasa da, var”.

Nazir müavini sağlamlıq imkanları əmək fəaliyyətini davam etdirməyə yol verən 65 yaşlı müəllimlərlə əmək müqaviləsinə xitam verilməsi məsələsi barədə də danışıb.

O qeyd edib ki, çalışma müddəti 65 yaşda başa çatan işçilərlə müqaviləyə xitam verilərkən nəzərə alınan amillərdən biri həmin məktəbdəki ümumi dərs saatlarının sayıdır: “Vaxtilə işəgötürənlərin məsuliyyətsizliyi, sui-istifadə hallarına yol verməsi nəticəsində lazım olmayan əlavə işçilər işə götürülüb. Bu hal əsasən rayon, kənd məktəblərində xüsusilə məşhur idi. Məktəbdə fənn üzrə cəmi 15 dərs saatı var, amma 3 müəllim işləyir. Bu gün elə məktəblər var ki, orada 18 ibtidai sinif, 26 ibtidai sinif müəllimi var.

Təbii ki, həmin məktəblərdə optimallaşdırma aparmaq üçün yollardan biri çalışma müddəti başa çatan işçinin əmək müqaviləsinə xitam verməkdir. Çünki digər halda bu məktəbdə dərs saatını tənzimləmək mümkün deyil.

Həmin dərs saatının da tənzimlənməsi zamanı nəzərə alınan amillərdən biri müəllimin diaqnostik qiymətləndirməsinin nəticəsidir. Əgər məktəbdə dərs saatı az və müəllimin də diaqnostik qiymətləndirmə nəticəsi zəifdirsə, artıq o müəllimi məktəbdə saxlamaq üçün heç bir əsas yoxdur”.

Məhəbbət Vəliyeva bildirib ki, əgər müəllimin dərs saatı çoxdursa, sağlamlığı imkan verirsə və onun dövlət təltifləri varsa, əmək müqaviləsinə xitam verilmə zamanı istisnalara yol verilir.

İlhamə Əbülfət