Nazir müavini: “Qayıdışı əngəlləmək üçün ermənilərin mina tələləri
quraşdırması ilə bağlı yeni sübutlar var”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Etnik azərbaycanlıların öz evlərinə qayıtmasının qarşısını almaq məqsədilə
Ermənistanın ərazilərə tələlər quraşdırması barədə son bir neçə həftə ərzində
Azərbaycan yeni sübutlar tapıb və tapmaqda davam edir”.
“Report” xəbər verir ki, bunu İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv
Edilməsi haqqında Beynəlxalq Konvensiyanın (Ermənistan Azərbaycana qarşı)
tətbiqi ilə bağlı iş üzrə Azərbaycanın Beynəlxalq Ədalət Məhkəməsində (BƏM)
qaldırdığı ilkin etirazların nəticələrinə dair iclasda Azərbaycanın xarici
işlər nazirinin müavini Elnur Məmmədov deyib.
“Cənab hakim, qovluğunuzun yeddinci və onuncu bölmələrində Azərbaycanın
2020-ci ilin sonunda ərazilərinin işğaldan azad edilməsindən sonra məhkəməyə
təqdim etdiyi və üzə çıxarmağa davam etdiyi çoxsaylı sübutlara istinadlar tapa
bilərsiniz.
Keçən həftə Ermənistanın agenti öz ölkəsinin şikayətini sübut təqdim etmədən
onilliklər boyu etnik ermənilərə qarşı irqi ayrı-seçkiliyin kulminasiya nöqtəsi
kimi xarakterizə etdi. Bununla belə, Ermənistan bu onilliklər ərzində heç vaxt
Azərbaycana irqi ayrı-seçkiliklə bağlı şikayət göndərməyib. Əvəzində İkinci
Qarabağ müharibəsindən cəmi bir gün sonra belə bir şikayət göndərdiyi barədə
Azərbaycanı xəbərdar etdi. Maraqlı olan odur ki, Ermənistan İkinci Qarabağ
müharibəsinə, yəni Azərbaycan ərazilərinə nəzarəti itirənə qədər niyə gözlədi?”
– o qeyd edib.