2003-cü ilə nisbətən respublikamızda məşğul əhali tərkibində qadınların sayı ötən dövrdə 23,2 faiz artaraq cari ilin əvvəlinə 2 348 400 nəfərə çatıb.
ÇıxışYolu.Com xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümov bildirib.
O deyib ki, bir sıra yaş qrupları üzrə qadınlarla bağlanan əmək müqavilələri kişilərlə bağlanan əmək müqavilələrinə nisbətən sayca üstünlük təşkil edir:
“Buna misal olaraq, əmək müqavilələrinin 40-44 yaşlarında olan şəxslər üzrə 50,8 %-i, 45-49 yaşlarında olan şəxslər üzrə 54,4 %-i, 50-54 yaşlarında olan şəxslər üzrə isə 53,5 %-i qadınlarla bağlanıb”.
Nazir diqqətə çatdırıb ki, əmək fəaliyyəti ilə məşğul olan qadınların gələcək sosial təminat hüquqlarına malik olmaları üçün onların sosial sığorta sisteminə cəlb olunması istiqamətində də müvafiq işlər aparılır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 40,4 faizini və ya 1 453 898 nəfərini qadınlar təşkil edir:
“Nazirlik tərəfindən qadınların aktiv məşğulluq tədbirlərinə cəlb olunması da diqqətdə saxlanılır. 2017-ci ildə nazirliyin məşğulluq orqanları tərəfindən münasib işlə təmin edilənlərin 28 faizə qədəri (13386 nəfər), peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunanların 51,3 faizi (1826 nəfər), Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinə qəbul olunanların isə 36,6 faizi (128 nəfər) qadınlardan ibarət olub.
Aztəminatlı ailələrin kiçik ailə biznesinə çıxışına imkan yaradılması üçün icra olunan özünüməşğulluq proqramı çərçivəsində ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aktivlər təqdim olunmaqla ailə təsərrüfatları yaradılanların da 322 nəfərini qadınlar təşkil edib.
Cari il ərzində proqrama cəlb olunanların təqribən 30 faizdən çox hissəsinin qadınlardan ibarət olması nəzərdə tutulur”.
Ölkəmizdə sosial təminat sisteminin əhatə etdiyi şəxslər sırasında qadınların mühüm yer tutduğunu qeyd edən S.Müslümov bildirib ki, hazırda əmək pensiyaçılarının 57,2 faizə, sosial müavinət və təqaüd alanların 40,5 faizə qədəri, Nazirliyin xətti ilə Azərbaycan Respublikası Prezidentinin təqaüdü ilə təmin olunanların isə 33,6 faizi qadınlardır.
Müvafiq qanunvericilik aktlarında yaşa görə pensiya və ya yaşa görə müavinət hüququnun yaranmasında çoxuşaqlı qadınlarla, sağlamlıq imkanları məhdud övladını səkkiz yaşınadək tərbiyə etmiş qadınlarla bağlı güzəştlər də müəyyən olunub.
Beşdən çox uşağı olan qadınlar isə 18 yaşadək uşaqlarının hər birinə görə aylıq sosial müavinətlə təmin olunurlar. Azərbaycan Respublikası prezidentinin 23 fevral 2018-ci il tarixli Sərəncamı ilə həmin müavinətlərin məbləği cari il martın 1-dən artırılıb.
Nazir əmək və məşğulluq haqqında ölkə qanunvericiliyində də qadınlara münasibətdə milli-mənəvi dəyərlərdən irəli gələn yanaşmaların əksini tapdığını vurğulayıb:
“Belə ki, əmək qanunvericiliyi qadınların əmək şəraiti ağır, zərərli olan iş yerlərində, habelə yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə əməyə cəlb olunmasını qadağan edir. Eləcə də, hamilə və ya üç yaşına çatmamış uşağı, yaxud sağlamlıq imkanları məhdud uşağı olan qadınlarla bağlı milli qanunvericilikdə bir sıra güzəştlər və əlavə təminatlar müəyyən olunub”.