9dcee769-77c5-45cf-b400-85ec4ec9eb3a..jpg

Nazirdən yeni təyinatlar: Xalq Çalğı Alətləri Orkestrinə baş dirijor təyin edildi

Baxış sayı: 626 dəfə baxılıb.

Nazirdən yeni təyinatlar: Xalq Çalğı Alətləri Orkestrinə baş dirijor təyin
edildi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cahangir Cahangirov adına Xora bədii rəhbər, Səid Rüstəmov adına Xalq Çalğı
Alətləri Orkestrinə isə baş dirijor təyin edilib.

“Qafqazinfo” xəbər verir ki, təyinatlarla bağlı mədəniyyət naziri Adil Kərimli
müvafiq əmrlər imzalayıb.

Belə ki, Təranə Əbülfəz qızı Yusifova Beynəlxalq Muğam Mərkəzinin tabeliyində
fəaliyyət göstərən Cahangir Cahangirov adına Xorun bədii rəhbəri vəzifəsinə
təyinat alıb.

Qeyd edək ki, Təranə Yusifova 1968-ci il 5 dekabrda Sumqayıt şəhərində anadan
olub. 1984-1988-ci illərdə S.Hacıbəyov adına Sumqayıt Orta İxtisas Musiqi
Məktəbinin xor dirijorluğu ixtisası üzrə, 1988-1993-cü illərdə isə Ü.Hacıbəyli
adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki BMA) Tarixi nəzəriyyə
fakültəsinin xor dirijorluğu şöbəsində təhsil alıb.

1991-ci ildə indiki Respublika İncəsənət Gimnaziyasında pedaqoji fəaliyyətə
başlayıb. Sumqayıt Musiqi Texnikumu, Şuşa Musiqi Kolleci və Şuşa Humanitar
Kollecində müəllim işləyib. 2002-ci ildən Azərbaycan Milli Konservatoriyasında
balaban ansamblında dirijor kimi fəaliyyət göstərib.

2018-ci ildə “Oqtay Kazımi yaradıcılığının üslub xüsusiyyətləri” mövzusunda
dissertasiya müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi
alıb.

2020-ci ildə “Əməkdar müəllim” fəxri adına layiq görülüb.

Nazirin digər əmri ilə Mustafa Aşurov Beynəlxalq Muğam Mərkəzinin
tabeliyindəki Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin baş dirijoru
təyin olunub.

Mustafa Əhməd oğlu Aşurov 1991-ci il iyul ayının 31-də Qazax rayonunda anadan
olub. 2008-2012-ci illərdə Azərbaycan Milli Konservatoriyasında (tar ifaçılığı)
təhsil alıb. 2015-ci ildə Milli Konservatoriyanı dirijorluq ixtisası üzrə başa
vurub.

2007-ci ildə dövlət başçısının sərəncamı ilə adı Azərbaycan Respublikası Gənc
istedadların “Qızıl kitabı”na yazılmaqla Prezident təqaüdünə layiq görülüb.

2003-cü ildən respublika və beynəlxalq əhəmiyyətli festival və müsabiqələrdə
iştirak edib, mükafatlara layiq görülüb.

M.Aşurov Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecində tar
müəllimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində orkestr
dirijoru və baş müəllim vəzifələrində işləyib. Eyni zamanda “Azərbaycan
Televiziya və Radio Verilişləri” QSC-nin Səid Rüstəmov adına Xalq Çalğı
Alətləri Orkestrinin dirijoru kimi fəaliyyət göstərib.

Xatırladaq ki, Baş nazir Əli Əsədovun bu ilin 31 oktyabr tarixində imzaladığı
qərarla “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin S.Rüstəmov adına
Xalq Çalğı Alətləri Orkestri və C.Cahangirov adına Xor ştat vahidləri ilə
birlikdə Mədəniyyət Nazirliyinin tabeliyindəki Beynəlxalq Muğam Mərkəzinə
verilib.

Source link