Nazirlər Kabinetinin (NK) yeni strukturu təsdiqlənib.
ÇıxışYolu.Com xəbər verir ki, “Report”un əldə etdiyi məlumata görə, NK-nın şöbələrinin sayı 15-dən 10-a endirilib.
Üç şöbə (Kənd təsərrüfatı məsələləri şöbəsi, Ekologiya məsələləri şöbəsi və Regionların inkişafı məsələləri şöbəsi) birləşdirilərək Regionların inkişafı, kənd təsərrüfatı və ekologiya məsələləri şöbəsi yaradılıb.
Kənd təsərrüfatı şöbəsinin müdiri Əli Məmmədov və Regionların inkişafı söbəsinin müdiri Nizami Mustafayev pensiya yaşlarına çatmaları ilə əlaqədar öz ərizələrinə əsasən tutduqları vəzifədən azad olunublar. Ekologiya məsələləri şöbəsinin müdiri Zemfira Sairbəyzadə yeni yaradılan Regionların inkişafı, kənd təsərrüfatı və ekologiya məsələləri şöbəsi müdirinin müavini təyin edilib.
Neft və kimya məsələləri şöbəsi Sənaye və energetika məsələləri şöbəsinə birləşdirilib, şöbə müdiri Əsgər Aslanov şöbə müdirinin müavini təyin olunub. Beynəlxalq maliyyə təşkilatları ilə iş şöbəsi Maliyyə və iqtisadiyyat məsələləri şöbəsinə birləşdirilib və şöbə müdiri Nail Fətəliyev həmin şöbənin müdir müavini vəzifəsinə təyin edilib.
Qaçqınların və məcburi köçkünlərin məsələləri şöbəsi Humanitar və sosial məsələlər şöbəsinə birləşdirilib, şöbə müdiri Qurban Sadıqovhəmin şöbəyə müdir müavini təyin olunub.
Beləliklə, hazırda Nazirlər Kabinetinin Aparatındakı şöbələrə aşağıdakı müdirlər rəhbərlik edirlər:
Nazirlər Kabineti Aparatının rəhbəri – Ağabala Hacıyev
Nazirlər Kabineti aparatının rəhbərinin müavini – təyinat yoxdur
Baş nazir Katibliyinin rəisi – təyinat yoxdur
Baş nazirinin köməkçisi – Natiq Əzizov
Baş nazirinin köməkçisi – Tofiq Sarıcalinski
Baş nazirinin köməkçisi – Sabir Bayramov
Hüquq şöbəsinin müdiri -Günəş Vəliyeva
Maliyyə və iqtisadiyyat məsələləri şöbəsinin müdiri – Şahin Sadıqov
Humanitar və sosial məsələlər şöbəsinin müdiri – Musa Ələkbərov
Beynəlxalq əlaqələr şöbəsinin müdiri -Ağadayı Ağayev
Sənaye və energetika məsələləri şöbəsinin müdiri – Elşən Hacızadə
Regionların inkişafı, kənd təsərrüfatı və ekologiya məsələləri şöbəsini – təyinat yoxdur
Təhlükəsizlik və müdafiə məsələləri şöbəsinin müdiri – Qulu İmanquliyev
Kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsinin müdiri – Şahin Salahov
Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri – Vəfa Əliyeva
Mətbuat xidmətinin rəhbəri – Akif Əli
İşlər müdiri – Süleyman Şəfiyev
Azərbaycanın Baş naziri Novruz Məmmədovdur.