e0de6276-2440-41e9-ac70-94490d171750..jpg

Nazirlər Kabinetinin geniş iclasında gələn ilin dövlət büdcəsi layihəsi müzakirə olunub

Baxış sayı: 508 dəfə baxılıb.

Nazirlər Kabinetinin geniş iclasında gələn ilin dövlət büdcəsi layihəsi
müzakirə olunub

Baş nazir Əli Əsədovun sədrliyi ilə Azərbaycanın 2024-cü il üzrə dövlət
büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin
göstəriciləri, həmçinin, Azərbaycanın 2024-cü il və sonrakı üç il üzrə iqtisadi
və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinin müzakirəsinə həsr
olunmuş Nazirlər Kabinetinin geniş iclası keçirilib.

Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

İclası giriş sözü ilə açan Baş nazir Ə.Əsədov müzəffər Ali Baş Komandan,
Azərbaycan Prezidentiİlham Əliyevin tapşırığına uyğun olaraq Ordumuz tərəfindən
bir neçə gün əvvəl həyata keçirilən uğurlu lokal xarakterli antiterror
tədbirləri barədə danışıb. Vurğulanıb ki, şanlı Azərbaycan Ordusu qarşıda duran
bütün vəzifələri cəmi bir gün ərzində yerinə yetirib.

Baş nazir antiterror tədbirləri zamanı şəhid olmuş əsgər və zabitlərə Allahdan
rəhmət, yaralılara şəfa diləyib.

2023-cü ilin Azərbaycan xalqı üçün xüsusilə əlamətdar olduğu bildirilib.

“Bu il biz müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, görkəmli
siyasi və dövlət xadimi ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının
100-cü ildönümünü qeyd edirik. Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev 2023-cü ili “Heydər Əliyev İli” elan edib və ulu öndərin yubileyi ilə
bağlı dövlət səviyyəsində silsilə tədbirlər həyata keçirilir”, – deyə Ə.Əsədov
əlavə edib.

Eyni zamanda vurğulanıb ki, 2023-cü il həm də Prezident İlham Əliyevin siyasi
hakimiyyətə gəlişinin 20-ci ildönümü ilə əlamətdardır.

Ölkəmizin bütün sahələrdə sürətli inkişafı, insanların rifah halının
yaxşılaşması, Azərbaycanın beynəlxalq arenadakı mövqelərinin əhəmiyyətli
dərəcədə möhkəmlənməsi dövlətimizin başçısının prezidentlik dövrünün uğurlu
nəticələri kimi dəyərləndirildi.

Vurğulandı ki, işğal altındakı torpaqlarımızın azad olunması, ərazi
bütövlüyümüzün bərpası bu möhtəşəm prezidentlik dövrünün zirvəsində dayanır.

Ölkənin iqtisadi inkişaf göstəriciləri barədə məlumat verən Ə.Əsədov bildirdi
ki, cari ilin səkkiz ayında qeyri-neft sektorunda 2,6%, qeyri-neft sənayesində
isə 6% artım qeydə alınmışdır.

Hazırda ölkənin maliyyə vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşmışdır,
strateji valyuta rezervləri 67 milyard ABŞ dollarına çatmış və ilin əvvəlindən
14,5% artmışdır.

2023-cü ilin ötən dövründə xarici ticarət balansının əhəmiyyətli həcmdə müsbət
saldosunun yaranması, xarici borcun azalması və büdcə gəlirlərinin yüksək
icrası əldə olunmuş çox müsbət nəticələr kimi dəyərləndirildi.

Bildirildi ki, bütün bunlar nəticəsində 2023-cü ilin dövlət büdcəsinə yenidən
baxılmış və büdcə gəlirləri 3.1 mlrd. manat və ya 10,1%, büdcə xərcləri isə 3,3
mlrd. manat və ya 9,8% artıb.

Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən prioritet xərc
istiqamətləri əsasında 2024-cü ildə həyata keçiriləcək tədbir və layihələrin
uğurlu icrası üçün büdcədə tələb olunan maliyyə təminatının yaradıldığı diqqətə
çatdırıldı.

Növbəti il və ortamüddətli dövr üçün büdcə siyasətinin müəyyən edilməsi ilə
bağlı əsas çağırış və hədəflər barədə məlumat verildi.

Bu xüsusda “Azərbaycan Respublikasının 2022-26-cı illərdə sosial-iqtisadi
inkişaf Strategiyası”nın icrasının, Qarabağ və Şərqi Zəngəzur iqtisadi
rayonlarının bərpa və yenidənqurulması, həmçinin Böyük Qayıdışın təmin edilməsi
üzrə tədbirlərin davam etdirilməsinin, “Naxçıvan Muxtar Respublikasının
sosial-iqtisadi inkişafına dair 2023-27-ci illər üçün Dövlət Proqramı”nın
həyata keçirilməsinin, ölkəmizin müdafiə qabiliyyətinin və milli
təhlükəsizliyinin gücləndirilməsinin, ərzaq təhlükəsizliyinin təmin edilməsi və
sahibkarlığın inkişafının dəstəklənməsinin, ən vacib prioritet layihələrin
maliyyələşdirilməsi üçün yeni borclanma siyasətinin aparılmasınının,
makroiqtisadi və büdcə dayanıqlığının təmin edilməsinin önəmi vurğulanıb.

Diqqətə çatdırıldı ki, dövlət başçısının Hökumət qarşısında qoyduğu başlıca
tapşırıqlardan biri də bu ilin sonuna qədər inflyasiyanın birrəqəmli
səviyyəsinə nail olunmasıdır.

Bu məqsədlə Nazirlər Kabinetinin 2023-cü il 15 iyul tarixli Sərəncamı ilə
“İnflyasiya və qiymət monitorinqi” üzrə yaradılmış İşçi qrup tərəfindən
inflyasiya proseslərinin və onun səbəblərinin araşdırılması və təhlili
istiqamətində zəruri işlər görülməkdədir.

Vurğulandı ki, inflyasiyanın makroiqtisadi və maliyyə sabitliyi üçün xələl
gətirməyən həddə qorunması məqsədilə müvafiq tədbirlərin görülməsi davam
etdiriləcək. Məhz bu baxımdan ortamüddətli dövrdə də Hökumət qarşısında əsas
çağırışlardan birinin makroiqtisadi sabitliyin və büdcə dayanıqlığının təmin
edilməsinin olduğu bildirilib.

İclasda maliyyə naziri Samir Şərifov Azərbaycanın 2024-cü il üzrə dövlət
büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin
göstəriciləri haqqında, iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanın
2024-cü il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və
proqnoz göstəriciləri haqqında, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil
Babayev 2024-cü il üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında
Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun büdcə layihələri
haqqında, Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədovun
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-27-ci
illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı qarşıda duran məsələlər
haqqında məruzələri dinlənilib.

Daha sonra gündəlikdə duran məsələlərə dair müzakirələr aparılıb.

İclasa yekun vuran baş nazir Hökumət qarşısında duran əsas vəzifələr barədə
məlumat verib.

Ölkənin hərbi potensialının və dövlət təhlükəsizliyinin daha da
möhkəmləndirilməsi, Qarabağ və Şərqi Zəngəzurun bərpa və yenidənqurulması,
Böyük Qayıdışın təmin edilməsi, maliyyə sektorunda nizam-intizamın
gücləndirilməsi, vergi və gömrük sahəsində islahatların davam etdirilməsi,
daxili bazarda sağlam rəqabət mühitinin təmin edilməsi istiqamətində
tədbirlərin davam etdirilməsi, ərzaq təhlükəsizliyinin təmin edilməsi, həmçinin
qarşıda duran digər prioritet layihələrin icrası ilə bağlı müvafiq tapşırıqlar
verilib.

Source link