Nazirlik Bakıda havanı çirkləndirənləri cəzalandırdı

Nazirlik Bakıda havanı çirkləndirənləri cəzalandırdı

Baxış sayı: 1. 826 dəfə baxılıb.

Neft Emalı Zavodunda texnoloji prosesin pozulması nəticəsində Bakının bəzi rayonlarında xoşagəlməz qoxu ilə bağlı artıq ETSN tərəfindən qanunamüvafiq tədbirlər görülüb.

Bunu ÇıxışYolu.Com-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisi Mirsalam Qəmbərov deyib.

O bildirib ki, zavod hüquqi şəxs qismində 20 min, sex rəisləri isə vəzifəli şəxs qismində hər biri 3,5 min manat məbləğində cərimə edilib:

“Zavodda texnoloji reqlament normalarının gözlənilməsi, əmələ gələn tullantıların qanunamüvafiq idarə olunması, qurğu və avadanlıqlarda modernizasiya işlərinə başlanılması üçün artıq onlara xəbərdarlıq edilib.

Bu işlər yerinə yetirilməzsə, yenidən zavoda qarşı qanunamüvafiq tədbirlər görüləcək. Mənbələrdən atılmalara nəzarət etmək məqsədilə elektron monitorinq sisteminin tətbiq olunması ilə bağlı zavod rəhbərliyinə tövsiyələr verilib”.

Xatırladaq ki, ötən həftə Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən mətbuat konfransında Bakıdakı kəskin qoxunun əsas səbəbi açıqlanmışdı.

Keçirilən tədbirdə qoxunun şəhərin müvafiq nöqtələrində dörd yerdə daha kəskin şəkildə yayıldığı deyilmişdi.

Həmin nöqtələrin bilavasitə Neft Emalı Zavodu və onun əhatə dairəsinə aid olan yerlər olduğu bildirilmişdi.

.
www.ÇıxışYolu.Com