Nazirlik hələ də susur…
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Kubra Məhərrəmova yazır…
Adətən tez yatıram deyə, baş verənlərdən həmişə səhər tezdən xəbər tuturam. İş
rejimim belədir. Bu gecə nə idisə, gecə yarısı oyandım, telefonu götürdüm ki,
görüm nə var, nə yox?
Elə sosial şəbəkəni açan kimi üstümə bir vedrə söyüş-tənqid gəldi. Bəs
“medianın daşını qoyan belə olsun”, “bunlara jurnalist deyən belə olsun”,
“saytların yiyəsi elə olsun”. Yarıyuxuluyam, nə baş verdiyini də anlamıram.
Hamı elliklə medianı, jurnalistləri söyür.
Başladım davamını oxumağa ki, görüm nə baş verib?
Hə, millətin də başı dərdə düşəndə medianı haraylayır. Deyir, “borcunuzdur,
işıqlandırmalısınız”. Bəli, medianın borcudur problemi işıqlandırsın, müvafiq
orqanların diqqətinə çatdırsın. Amma göydən daş da yağsa bunda medianı
günahlandırmaq doğru deyil. Nə isə, keçək mətləbə. Bu dəfə medianı,
jurnalistləri Əməkdar artist Aygün Bəylərin ölümü ilə əlaqədar tənqid, təhqir
edirdilər. Deyirdilər ki, saytlar, jurnalistlər Əməkdar artist Aygün Bəylərin
ölümündən reytinq, İP tutur.
Təbii ki, medianın işi xəbər, məlumat ötürmək, həm də həmin xəbərləri
oxuculara daha oxunaqlı, cəlbedici təqdim etməkdir. İndi kim bunu necə edir, o
da öz vicdanına qalsın. Amma bu dəfə medianın bir günahı olmadı. Gecə
saatlarında Mədəniyyət Nazirliyinin cavabdeh şəxsləri mediaya açıqlama verdilər
ki, “Aygün Bəylər uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib”. Media da
rəsmi qurumdan aldığı, təsdiqlətdiyi informasiyanı öz oxucuları ilə bölüşdü.
Özü də bunu məhəllədə dedi-qodu edən Tükəzban bibi deməyib ki, o boyda
mədəniyyətimizə görə məsuliyyət daşıyan nazirlik deyib.
İndi adam istəyirəm ki, bu xəbəri yazmasın, yaymasın.
Sonra nə olub, nə olmayıbsa Mədəniyyət Nazirliyi təkzib yazdı ki, ayıbdır, o
nədir yazmısınız, Əməkdar artist ölməyib, yaşayır. Süni nəfəs aparatına
qoşulub, Bakıya gətiririk. Bunu eşidən jurnalist həmkarlar da üz tutdu hava
limanına ki, bəs gedək vəziyyəti öz gözümüzlə görək. Gecə saatlarında hava
limanına üz tutan jurnalistlər səhərə kimi orada olub, kor-peşman da geri
qayıdıblar. Çünki yenə də onları məlumatsız buraxdılar. Nəzərə alaq ki, ölkədə
fövqəladə hadisə baş verməyib, müharibə şəraiti də deyil ki, müvafiq qurumların
işi başından aşsın, jurnalistlərə xəbər verən tapılmasın…
Nə isə, elə jurnalist həmkarlarımız bir-birindən daha dəqiq məlumat əldə etmək
istəyərkən göydən bir vedrə soyuq-buzlu suyu tökürlər medianın başına.
Mədəniyyət Nazirliyi bir bərli-bəzəkli poster hazırlayır, nekroloq da paylaşır
ki, bəs “Əməkdar artist Aygün Bəylər vəfat edib”.
İndi deyin görüm ay camaat, ay xalq, ay medianı oxuyan, izləyən şəxslər, yazıq
media nə eləsin?
Öz informasiya mənbələrindən xəbər paylaşır, deyirsiniz ki, dedi-qodudur.
Dövlət qurumlarının verdiyi məlumata əsasən xəbər verir, sonra dövlət qurumu
məsuliyyəti üstündən atır, yenə tapdaq altında media qalır. Elə indi də
həmkarlarımız durmadan zəng edib nazirlikdən Əməkdar artistin vida mərasiminin
harada keçiriləcəyi barədə məlumat əldə etmək istəyir, amma onlara heç kim
doğru-düzgün cavab, məlumat vermir. Sonra yenə Mədəniyyət Nazirliyi ilk
məlumatı dostluq-tanışlıq etdiyi media orqanına ötürəcək. Gecədən-səhərə kimi
zəng edən, hava limanında keşik çəkən, xəbərin doğruluğunu dəqiqləşdirmək üçün
əziyyət çəkən digər jurnalistlər də qalırlar pis vəziyyətdə…
Ən son şayiələrə görə Aygün Bəylərin vida mərasimi Şəhriyar adına Bakı
Mədəniyyət Mərkəzində keçiriləcək. Amma Mədəniyyət Nazirliyi hələ də susur.
Axırda yenə bütün daşları atacaqlar medianın üstünə. Əfsuslar olsun ki, bu cür
böyük qəlbə, istedada, sənətə malik olan Aygün Bəylərin ölüm xəbəri belə
nataraz, xoş olmayan halda xalqa çatdı. Bunu daha hörmətli, urvatlı etmək
olardı axı…
Allah rəhmət eləsin. Mediada çalışan əsl peşəkarlara isə səbir diləyirəm…