Nazirlik: Havadakı qoxuya görə restoranlar günahkardır

Nazirlik: Havadakı qoxuya görə restoranlar günahkardır

Baxış sayı: 1. 965 dəfə baxılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ictimai-iaşə obyektlərinin fəaliyyəti zamanı ayrılan tüstünün, qazların və iy-qoxunun yayılmasının atmosfer havasını zərərli maddələrin təsirinə məruz qoyması barədə məlumat yayıb.

Nazirlikdən ÇıxışYolu.Com-a verilən məlumata görə, bununla bağlı vətəndaşlardan ETSN-yə çoxsaylı müraciətlər daxil olduğundan nazirlikdə araşdırma komissiyası fəaliyyətə başlayıb.

Komissiya tərəfindən Bakı şəhərinin rayonlarında yerləşən şadlıq evlərinin və digər ictimai-iaşə obyektlərinin fəaliyyət göstərdiyi müddətdə onların ətraf ərazilərində monitorinqlər aparıb, atmosfer havasında zərərli qaz birləşmələrinin miqdarının ölçülməsi məqsədilə hava nümunələri götürülüb. 

Nümunələr üzərində aparılmış fiziki-kimyəvi analizlərin nəticələri göstərib ki, atmosferə atılan zərərli qaz birləşmələrinin miqdarı yol verilən qatılıq həddindən dəfələrlə artıqdır ki, bu da insanlarda diskomfort yaradır və onların sağlamlığına mənfi təsir göstərir.

Bu cür fəaliyyət Azərbaycan Respublikasının “Ekoloji təhlükəsizlik haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Atmosfer havasının mühafizəsi haqqında” qanunlarının, habelə Nazirlər Kabinetinin müvafiq Qərarlarının və ətraf mühitin mühafizəsi sahəsində mövcud olan digər qanunvericilik aktlarının tələblərinə ziddir.

Qanunvericiliyin tələblərinə riayət edilmədən fəaliyyətin davam etdirilməsi İnzibati Xətalar Məcəlləsi ilə müvafiq inzibati məsuliyyətə səbəb olur.

İctimai-iaşə obyektlərində müasir standartlara cavab verən qurğu və avadanlıqların quraşdırılması, atmosferə atılan tullantıların azaldılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yerli icra hakimiyyətlərinə və ictimai-iaşə obyektlərinin sahiblərinə müvafiq məktublar göndərilib.

Əli Məmmədov
www.ÇıxışYolu.Com