Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə aprel ayında növbəti monitorinq həyata keçirib.
ETSN-in mətbuat xidmətindən ÇıxışYolu.Com-a verilən məlumata görə, aprel ayının II ongünlüyündə Kür çayında suyun sərfi aprel ayının I ongünlüyünə nisbətən 51 m3/san artaraq 501 m3/san təşkil edib.
Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub.
Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində dörd, Ağstafaçayda üç, Ağstafaçay su anbarında isə iki dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.
Aprel ayının II ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə fenollar Araz çayı üzrə Horadizdə, Bəhramtəpədə və I Şahsevəndə iki dəfə YVQH-ni keçib.
Suyun oksigen rejimi bütün məntəqələrdə 6.90-8.13 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.