Nazirlik: Xətaidə ağacların kəsildiyini əks etdirən video köhnədir

Nazirlik: Xətaidə ağacların kəsildiyini əks etdirən video köhnədir

Baxış sayı: 3. 364 dəfə baxılıb.

Nazirlik: Xətaidə ağacların kəsildiyini əks etdirən video köhnədir

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xətai rayonunda ağacların kəsilməsi ilə bağlı yayılan video barədə açıqlama verib.

Nazirliyin mətbuat xidmətindən ÇıxışYolu.Com-a verilən məlumata görə, oktyabr 23-də Xətai rayonu, Xudu Məmmədov küçəsi  25, 27, 29 ünvanında ağacların kəsilməsi ilə bağlı şikayət və ağac kəsintisini əks etdirən video daxil olub.

Nazirliyin əməkdaşları tərəfindən şikayət yerində araşdırılıb. Əraziyə keçirilən baxış zamanı ağac kəsintisi faktı aşkar edilməyib. 

Araşdırma zamanı məlum olub ki, videoda əks olunan kadrlar 2017-ci ildə həmin ünvanda çəkilib.

Qeyd edək ki, 2017-ci ilin fevral ayında nazirliyin əməkdaşları tərəfindən Xətai rayonu, Xudu Məmmədov küçəsi  25, 27, 29 ünvanında dörd ağacın kəsildiyi faktı aşkar olunmuşdu.

Araşdırma zamanı ağacların “Green servis” MMC tərəfindən kəsildiyi məlum olmuş və barəsində akt tərtib edilmişdi.

MMC-nin hüquqi şəxs qismində cərimə olunması üçün toplanmış materiallar Xətai rayon Məhkəməsinə göndərilmişdi. Əraziyə sakinlərin iştirakı ilə ağaclar əkilmiş və onlara aqrotexniki qulluq göstərilməsi üçün Xətai rayon Mənzil İstismar Sahəsinə  icrası məcburi olan “məcburi göstəriş” verilmişdi. Hazırda ərazidəki ağaclar bioloji inkişafdadır və onlara aqrotexniki qulluq göstərilir.

İlhamə Əbülfət
www.ÇıxışYolu.Com