Nazirlikdə 143 milyonluq mənimsəmə: “Mən o qədər aşağı düşməmişdim ki,
sürücüyə hədiyyə tapşırığı verim”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə faktı ilə bağlı məhkəmə
araşdırması davam edir.
“Qafqazinfo” xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən iclasda
nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd
Qurbanovun cinayət işi üzrə şahidlər dindiriliblər.
Şahid Ceyhun Vəliyev Satınalmalar və Təchizat İdarəsində sürücü işləyib.
Məhkəməyə nəyə görə çağırıldığını unudan şahid tərəflərin suallarından sonra
danışmağa başlayıb.
Şahid deyib ki, təqsirləndirilən şəxslə təmasda olmayıb, işi göndərilən
hədiyyələri daşımaq olub:
“Hərbi Kənd Təsərrüfatı Birliyinin rəisi Z.T. var. Bir neçə dəfə səbətdə
hədiyyə verib, onu idarəyə gətirmişəm. Bundan başqa, bayramlarda, ad günlərində
hədiyyələr göndərilirdi, onları çatdırırdım. Amma səbətdə nə olduğunu bilmirəm”.
Şahidin hazırkı ifadəsi ilə istintaq dövründə dedikləri arasında ziddiyyət
olub.
İttihamda yazılıb ki, Z.T. ilə Satınalmalar və Təchizat İdarəsi arasında 16
milyon 350 min manatlıq müqavilə imzalanıb. Müqaviləyə əsasən, Z.T.-nin
hesabına köçürülən həmin məbləğdən 400 min manat “otkat” kimi idarəyə
qaytarılıb. Şahid həmin vaxt deyib ki, bir neçə dəfə Z.T.-dən kiçik bağlamalar
götürərək təqsirləndirilən şəxsə çatdırıb, amma bağlamada nə qədər pul olduğunu
bilməyib.
Şahid əvvəlki ifadəsində dediklərini boynuna almayıb. İndiki ifadəsinin əsas
götürülməsini istəyib. Təqsirləndirilən şəxs şahiddən səbəti təqdim etdiyi
növbətçi otağının kimin qəbul otağının qarşısında olduğunu soruşub. Şahid bu
sualdan yayınıb.
“Məlikməmməd Qurbanovun müavini olmuş, hazırda idarə rəisi Elnur Kazımov o
vaxt sizə göstərişlər veribmi?” – deyə vəkil Ceyhun Məmmədov sual verib. Şahid
belə bir hal olmadığını deyib.
Vəkil vəsatət qaldıraraq, şahidin ifadəsinin sübutlar siyahısından
çıxarılmasını istəyib. Məhkəmə vəsatətə istintaqın sonunda baxılacağını
bildirib.
Məlikməmməd Qurbanovun sürücüsü işləmiş Zaman Əsədov da ifadəsində tapşırıqla
müəyyən hədiyyə paketlərini ünvanlara çatdırdığını bildirib:
“Polkovnik Qurbanov deyirdi, filan yerdə hədiyyə var, onu götür, gəl. Mən də
həmin hədiyyələri gətirib ona verirdim. Məsələn, Z.T. balıq, mer-meyvə və s.
göndərirdi”.
M.Qurbanov keçmiş sürücüsünün dediklərini qəbul etməyib:
“Mən o qədər aşağı düşməmişdim ki, sürücüyə belə tapşırıqlar verim. Mən lazım
olan adamlarla görüşə şəxsən gedirdim, öz işimi özüm görürdüm”.
İnformasiya texnologiyaları ilə məşğul olan şirkət əməkdaşı Ü.A. da şahid
qismində ifadə verib. Ü.A.-nın təmsil etdiyi şirkət səkkiz ilə yaxındır Müdafiə
Nazirliyi ilə əməkdaşlıq edir. Nazirlik üçün İT avadanlıqlarının alınmasında
şahid tərəf kimi iştirak edib. Şahid deyib ki, bütün işlər Məlikməmməd
Qurbanovun müavini Elnur Kazımovla danışıq əsasında görülüb:
“Elnur Kazımovla görüşürdük. Malların alınması ilə bağlı sorğu verirdi. Vəsait
isə şirkətimizin bank hesabına köçürülürdü”.
Prokuror Ziya Mansurov şahiddən köçürülən pulların müəyyən hissəsinin geri
qaytarılması barədə soruşub:
“Təklif etdilər ki, alınan malların dəyərindən artıq pul köçürək, həmin pulu
nağd şəkildə geri ödəyək. Biz də razılaşdıq, qiymətləri dörd faiz şişirtdik.
Sonradan həmin pul “otkat” formasında geri qaytarıldı”.
M.Qurbanov deyib ki, şahidi bir dəfə görüb, heç vaxt alqı-satqı işi ilə bağlı
danışığı olmayıb: “Nəcməddin Sadıkovun göstərişi ilə qəbul etmişdim.
Kiberhücumla bağlı məsələ idi. Ondan sonra ünsiyyətim olmayıb”.
Proses noyabrın 20-də davam etdiriləcək.
Qeyd edək ki, 2022-ci ilin əvvəlində Dövlət Təhkükəsizliyi Xidməti Müdafiə
Nazirliyində qanun pozuntuları ilə bağlı əməliyyat keçirib. Əməliyyatla cinayət
məsuliyyətinə cəlb edilən zabitlərə qarşı Cinayət Məcəlləsinin 179.4-cü
(xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.
İş üzrə dövlətə dəymiş 143 milyon manat ziyanın 40 milyon manatı ödətdirilib.