9a43abcd-f213-4438-a66e-e8da2e2d7835..jpg

Nazirlikdə milyonluq mənimsəmə: “Aldığımız pulların faizini “otkat” kimi qaytarırdıq” – YENİLƏNİB + VİDEO

Baxış sayı: 596 dəfə baxılıb.

Nazirlikdə milyonluq mənimsəmə: “Aldığımız pulların faizini “otkat” kimi
qaytarırdıq” – YENİLƏNİB + VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müdafiə Nazirliyinin (MN) mənimsəməyə görə tutulan Maliyyə və Büdcə İdarəsinin
sabiq rəisi, general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ)
Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunları maliyyə
idarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin (HDQ) maliyyə
xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi
keçirilib.

“Report” xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin
sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

Məhkəmə iclasında şahid qismində ifadə verən İlqar Naftalıyev bildirib ki,
sözügedən vaxtda şirkət rəhbəri işləyib. İşlədiyi şirkət qol və yaxa
nişanlarının hazırlanması ilə məşğul olub. Onun sözlərinə görə, Müdafiə
Nazirliyinin sifarişi ilə qol və yaxa nişanları istehsal edərək təhvil veriblər.

“Təhvil verdiyimiz sifarişlərin pulunu vaxtında ala bilmədiyimiz üçün Müdafiə
Nazirliyi ilə əlaqə yaratmağa çalışırdıq. Nazirlik ilə 1 milyon 31 min manatlıq
müqaviləmiz olub”, – o bildirib.

İ.Naftalıyev əvvəl müttəhim Nizami Məmmədovu tanıdığını bildirsə də, sonradan
həyəcanlandığını və onu Akif Umudovla səhv saldığını deyib. O, Nizami
Məmmədovdan üzr istəyib.

Şahid əlavə edib ki, nazirlikdən aldığı pulun üç faizini, yəni 52 min manatını
Akif Umudova “otkat” olaraq qaytarıb.

Məhkəmədə şahid qismində dindirilən Elnur Məmmədov deyib ki, qazanxanaların
təmiri ilə məşğul olan şirkətin rəhbəri olub:

“Şirkəti 2011-ci ildə yaratmışıq. Müdafiə Nazirliyi ilə başqa şirkət rəhbəri
olan Əlövsət Orucov vasitəsi ilə əlaqə yaratmışam. Əlövsət müəllim dedi ki,
pulun müəyyən miqdarını idarəyə qaytarmalısan. Nazirliyə 8-10 faiz “otkat”
qaytarırdıq. Müəyyən xərclərə görə, faiz verməli olduğumuzu bildirirdilər, biz
də verirdik”.

Onun sözlərinə görə, müqaviləni MN-in Mənzil-İstismar idarəsi ilə bağlayıblar.
Aldığı pulun 236 min manatını “otkat” olaraq qaytarıb.

İclasda bir neçə nəfər şahidin məcburi gətirilməsi ilə bağlı qərar qəbul
olunub.

Məhkəmənin növbəti iclası mayın 17-nə təyin olunub.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi
general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin
sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi
Bayram Bayramov, maliyyə idarəsinin zabiti Vüsal Əlizadə, Müdafiə Nazirliyinin
Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov,
həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd
Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət
Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat
nəticəsində həbs ediliblər.

Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə
ittiham edilirlər.

Xatırladaq ki, cinayət işi üzrə dövlətə dəymiş ziyan ümumilikdə 143 milyon
manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə
göndərilib.

İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı artıq
ödənilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.

Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi
ilə külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham
irəli sürülüb.

12:25

Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə işi üzrə təqsirləndirilən
nazirliyin müxtəlif hərbi hissələrində maliyyə xidmət rəisi işləmiş Elvin
Cəfərov həbs edilib.

“Report” xəbər verir ki, E.Cəfərov Cinayət Məcəlləsinin 179.4-ci (xüsusilə
külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham olunub. İş üzrə dövlətə dəymiş
ziyan 2 milyon 200 min manatdır.

Dövlət Təhlükəsizliyi Xidmətinin vəsatəti əsasında onun barəsində həbs
qətimkan tədbirinin seçilməsi ilə bağlı Bakı Hərbi Məhkəməsində təqdimata
baxılıb.

Hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib və
Elvin Cəfərovun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Elvin Cəfərov ötən il dekabrda hazırda Müdafiə Nazirliyində 143
milyon manatlıq mənimsəmə ilə bağlı məhkəmə prosesində şahid qismində
dindirilib.

Xatırladaq ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi
general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin
sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi
Bayram Bayramov, Hərbi Hava Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal
Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi,
polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat
İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar
idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi
Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.


Source link