Nazirliyə 400 minlik mal satdı, vergi borcunu ödəmədi – Həbs edildi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bakıda tanışlarının adına müxtəlif ünvanlarda Məhdud Məsuliyyətli Cəmiyyətlər
(MMC) yaradan şəxs həbs edilib.
“Qaynarinfo”nun məlumatına görə, 1985-ci ildə Bakı şəhərində anadan olmuş Emil
adlı sahibkar direktoru olduğu “Terminal-Ko” MMC vasitəsilə 2020-ci ildə
Ədliyyə Nazirliyinə təxminən 400 000 manat dəyərində təsərrüfat, inşaat malları
və qida məhsulları satıb. Emil həmin məhsulları əsasən hazırda xatırlamadığı
Bakıda malların topdan satışı ilə məşğul olan şəxslərdən alaraq, Ədliyyə
Nazirliyinə satışını həyata keçirib.
MMC rəhbəri həmin ildə “Terminal-Ko” MMC-nin hesabına gələn pullara görə
yaranan vergiləri ödəmək əvəzinə, onları başqa işlərinə yönəldib, vergiləri
sonra ödəyəcəyinə ümid edib. Lakin sonra problemləri çıxdığına görə vergiləri
ödəyə bilməyib və müvafiq orqana boş bəyannamə verərək və ya ümumiyyətlə,
hesabat verməyərək, 2020-ci ilin fevral ayı üzrə 73 639,79 manat məbləğində
əlavə dəyər və həmin il üzrə 50 766,08 manat məbləğində mənfəət vergisini
dövlət büdcəsinə ödəməkdən yayınıb. Ümumilikdə isə İqtisadiyyat Nazirliyi
yanında Dövlət Vergi Xidmətinə 124 405,87 manat vergi borcu olub.
Bundan sonra Emil müxtəlif tanışlarının adına MMC-lər açmaqla pul qazansa da,
vergi borcunu ödəməkdən boyun qaçırıb. Bu səbəbdən barəsində Cinayət
Məcəlləsinin 213.1-ci maddəsi ilə cinayət işi açılıb və iş məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə Emil sözügedən maddədə nəzərdə tutulmuş cinayət əməlini
törətməkdə təqsirli bilinib və 2 il ərzində dövlət, özəl və yerli özünüidarə
müəssisələrində rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum
edilməklə, 2 il 8 ay 25 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum
olunub.