Nazpəri Dostəliyeva yenidən səhnəyə qayıtmasının səbəbini açıqlayıb: “Oxuduğum
mahnılar taleyimə sirayət edib”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Nəvələrim üçün Xalq artisti Nazpəri Dostəliyeva, yaxud nənə olmağımın heç bir
fərqi yoxdur. Mən onların özləri demiş “böyük mamalarıyam”. Onlar məni böyük
ana kimi sevib, qiymətləndirirlər. Nəvələrim mənim həyatda ən çox sevdiyim
əzizlərim, yaşam səbəblərimdir. Hər zaman məni çox istəyiblər. Bu günlərdə
nəvəm Tamerlanın ad günü idi. Bilirsiniz ki, Tamerlan uzaqda yaşayır, Moskvada.
Nə yaxşı ki, bu doğum günündə Bakıda oldu. Öz ailəmizdən ibarət Tamerlanın və
qardaşlarım Ağəli və Məmmədin ad günlərini qeyd etdik. Təsadüfən üç doğum eyni
vaxta düşmüşdü. Bir az sevindim, güldüm, ürəyim açıldı. Çünki Tamerlan mənim
Əli balamın yadigarı, əvəzidir”.
Bunu “Moderator”a açıqlamasında Xalq artisti, sevilən müğənni Nazpəri
Dostəliyeva deyib. Xalq artisti bildirib ki, pedaqoji fəaliyyətindən uzaqlaşıb.
“Məni yenidən səhnəyə qaytaran səbəb tamaşaçılarımın, sevənlərimin və
televiziya işçilərinin böyük sevgisi oldu. Sanki həyatda yox idim, özümü
axtarıb tapmaq istəyirdim, amma güc toplaya bilmirdim. O illərdə pedaqoji
fəaliyyətlə məşğul olduğum Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetindən uzaqlaşdım, amma tamaşaçılarımdan uzaqlaşa bilmədim.
Qadınlarımızı heç vaxt güclü görmək istəmirəm, xoşbəxt görmək istəyirəm. Güclü
qadınların çiləsi çox olur”.
Xalq artisti səsinin övladı Əkbərə keçdiyini də bildirib:
“Əkbərin çox gözəl səsi var. Nə qədər ki, uşaq idi, solo konsertlərimdə onu
oxudurdum. Böyüyəndən sonra onu məcbur edə bilmədim. Çəkinir, utanır. Öz
peşəsini seçdi. Rusiyada və Azərbaycanda bir neçə təhsil alıb”.
Xalq artisti bildirib ki, oxuduğu mahnılar sonradan taleyinə sirayət edib:
“Bütün mahnılarımı özümünküləşdirib ifa etmişəm. Onlar mənə hopub, bağlanıb.
Ağlıma da gəlməzdi ki, bəzi mahnılarım sonradan öz həyatıma həsr olunacaq. Mən
nə bilirdim ki, başıma belə hadisələr gələcək və illər sonra onları ifa
edəcəyəm?! Olanları, baş verənləri yaşayıb oxumuşam”.