Mən bu addımı atdım, amma sonra gedənlər necə getdi-gəldi!? Böyük bir pafosla gəldilər, lakin heç kim heç nə demədi, susdular oturdular. Heç kim heç bir irad tutmadı. Türkiyədən gələn müğənniləri öpüb, qucaqlayıb, bağırlarını basırlar. Bir millət, iki dövlətik. Amma iradlardan qorxub, çəkinib deməmək və ya “bu iradı etsəm xoşu, gəlməz, hansısa işim düzəlməz” kimi məsələlər olanda sən azərbaycanlı olmursan.
Bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva türkiyəli müğənnilərin bizim mahnılarımızı “anonim” şəklində təqdim etməsinə münasibət bildirərkən dilə gətirib. Sənətçi bu məsələdə həmkarlarından dəstək görmədiyini söyləyib:
“Bu kimi haqsızlıqlara göz yummaq doğru deyil. Belə olduğu təqdirdə sən yalnız öz işinə görə, olmayan sənətinə görə fəxr etməyə başlayırsan. Amma sənəti olan sənətkarlar qorxmadan, çəkinmədən öz sözünü səhnədə, insanların arasında, başqa ölkələrdə də deyir”.
“Bu gün “İnstagram”da özünü “Fotoşop” proqramı ilə arıqladıb, gözəlləşdirib və cavanlaşdıran bəzi sənətçilərin bu addımları sosial media əhli tərəfindən birmənalı qarşılanmır. Siz də “fotoşop”a əl atan məşhurlardansız. Görünüşünüzdən narazısız deyə, şəkillərinizə əl gəzdirirsiniz?” sualına Xalq artisti belə cavab verib:
“Bu bir dəbdir. Düşünürəm ki, insan “fotoşop olmamış”, üz-üzə gələndə, deyəndə ki “nə gözəlsiz” o “fotoşop”dan min dəfə yaxşıdır. Ona görə mən necə varamsa, elə də görünürəm. İndi fotoqraf nələrsə edirsə, o artıq onun öz şəxsi işidir. Mən ona toxuna bilmərəm. Demirəm ki, mən “fotoşop”dan qaçıram. Sadəcə olaraq sevirəm ki, üz-üzə gələndə mənə söyləsinlər ki, “Nazpəri xanım nə gözəlsiz”, və ya Nazpəri xanımın şəklini haradasa gördükdə “Vay budur Nazpəri?” Hesab edirəm ki, canlı ünsiyyətdə təmiz və düz fikir məni daha çox maraqlandırır. O “fotoşop”dakı fikir məni maraqlandırmır. Ona yaxşı da, pis də deyə bilərlər. Məni canlı daha maraqlandırır. Ola bilsin ki, haradasa hansısa qüsurum var, onu mənim üzümə deməyi bacarırsa, bu başqa məsələdir. Amma “fotoşop”da gözəl görünmək, təbiətdə, insanlarla ünsiyyətdə canlı-canlı eybəcər görünmək xoşbəxtlik deyil, bədbəxtlikdir”.
Xalq artisti millət vəkili Qüdrət Həsənquliyevin Milli Məclisin plenar iclasında “Müğənnilər 15 min manata toya gedirlər, 30 manat vergi ödəyirlər” çıxışına etirazını bu şəkildə bildirib:
“Mən Qüdrət müəllimin fikirlərinə hörmətlə yanaşıram. Bunu hamıya şamil etmək doğru deyil. Bizim elə ifaçılarımız var ki, yazıqlar axşamdan-axşama 50 manata oxuyurlar. Müğənnilərin hansı dərəcəyə və statusa aid olduqlarını görüb, qiymətləndirmək lazımdır. Hamının haqqında bu sözləri söyləmək düzgün deyil. Başqa ölkələrin müğənnilərinin qazancını saymırlar. Əksinə, onlara qonorar verirlər. Mən özüm bir neçə xarici ölkədə həmkarlarımla bərabər master-klasslar keçmişəm. Heç gözləmədiyimiz anda, vətənə dönəndə işimizə görə, bizi çox yüksək məbləğ qonorarla mükafatlandırıblar. Bizim üçün deyilənlərə görə çox heyifsilənirəm”.
İqtisad elmləri doktoru Zahid Məmmədovun vergi ödəməyən məşhurların idarə etdikləri avtomobilləri və yaşadığı evləri əlindən almaq təklifinə Nazpəridən sərt təpki gəldi:
“Adam heç bilmir, nə desin. İnsan əziyyəti ilə nə əldə edirsə, onu heç kim əlindən ala bilməz. Amma qanunsuz yolla əldə edirsə, onu almaq olar”.
Sənətçi bəzi sənət yoldaşlarının “Verilişə çıxıramsa, başqa müğənni gəlməsin. Qonaq mən tək olum” kaprizlərini məsxərəyə qoyaraq, lağ edib:
“Əgər verilişlərə müğənnilər digər həmkarları ilə çıxmaqdan imtina edirsə, demək, o nədənsə çəkinir və qorxur. Deməli, o sənətinə arxayın deyil. Qorxur ki, onun yanında oxuyan digər müğənni ondan qat-qat yaxşı ifa göstərə bilər. Kaprizlər mənim üçün deyil. Hər hansı bir verilişə qonaq gedirəmsə, onlar üçün başqa bir ifaçını verilişdə görmək maraqlı olmur. Bunu görəndə çalışıram gənclərdən kimisə özümlə verilişə aparım. Deyirlər ki, Nazpəri xanım siz olun, yetərlidir”.
Rəşad Əliyev