Bu ilin yanvar-mart aylarında Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 4 424,2 mln. manat, büdcə xərcləri isə 2 344,2 mln. manat təşkil edib.
ÇıxışYolu.Com fonda istinadən xəbər verir ki, I rüb ərzində ARDNF neft və qaz sazişlərinin həyata keçirilməsindən 4303,3 mln. manat, o cümlədən mənfəət neftinin və qazın satışından 3 533 mln. manat, bonus ödənişlərindən 765,2 mln. manat, tranzitdən isə 5,1 mln. manat gəlir əldə edib.
Fondun vəsaitinin idarə olunmasından gəliri isə 120,9 mln. manat olub.
Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərqlə bağlı ARDNF-nin büdcədənkənar gəliri 779,9 mln. manat təşkil edib.
Hesabat dövründə ARDNF 2018-ci il büdcəsinin icrası çərçivəsində dövlət büdcəsinə 2 299 mln. manat yönəldib.
Bundan başqa, Fond qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 30,3 mln. manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 8,1 mln. manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 1,4 mln. manat vəsait, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə 0,5 mln. manat ayırıb.
Fondun idarə edilməsi ilə bağlı xərcləri isə 4,9 mln. manat təşkil edib.
Aprelin 1-nə ARDNF-in aktivləri 37 631,7 mln. ABŞ dolları təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 5,1% çoxdur. Aktivlərin artımı Fondun büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər və investisiya portfelinin tərkibindəki xarici valyutaların məzənnəsinin dəyişməsindən yaranmış fərq hesabına təmin edilib.