4821bc6a-6e3a-4755-89f2-d7bf62e09d0f..jpg

Neft sənayesindən xanəndəliyə: Əlibaba Məmmədovun doğum günüdür – VİDEO

Baxış sayı: 517 dəfə baxılıb.

Neft sənayesindən xanəndəliyə: Əlibaba Məmmədovun doğum günüdür – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Azərbaycan Respublikasının Xalq artisti, musiqişünas alim, professor,
görkəmli mədəniyyət xadimi Əlibaba Məmmədovun doğulduğu gündür.

Cixisyolu.com xatırladır ki, Əlibaba Məmmədov 1930-cu ildə Bakının Maştağa kəndində
anadan olub.

128 və 187 nömrəli məktəblərdə, 1944-cü ildən Bakıxanov qəsəbəsindəki 1
nömrəli fabrik-zavod məktəbində oxuyub. İki il sonra Neft Texnikumuna keçirilib
və 1947-ci ildə təhsilini başa vurduqdan sonra təyinata əsasən, Türkmənistan
Respublikasının Nebitdağ mədənlərində işləməyə göndərilib. Aşqabad şəhərində
baş vermiş zəlzələdən sonra Əlibaba Məmmədov Azərbaycana qayıdıb və el
şənliklərində iştirak edib. Əlibaba Məmmədovun xanəndə kimi yetişməsində
Bakının və Abşeron kəndlərinin özünəməxsus muğam mühiti böyük rol oynayıb.
Musiqi təhsilini 1953-58-ci illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində xanəndə
Seyid Şuşinskinin sinfində alıb.

1949-cu ilin oktyabrından isə müsabiqə yolu ilə Müslüm Maqomayev adına
Azərbaycan Dövlət Estrada Orkestrində çalışıb.

1953-78-ci illərdə Filarmoniyanın, 1978-88-ci illərdə “Azkonsert” Birliyinin
solisti olub.

1968-ci ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktoru
Niyazinin təşəbbüsü ilə “Hümayun” xalq çalğı alətləri ansamblını yaradıb və
onun bədii rəhbəri olub.

Gənc yaşlarından muğam və xalq mahnılarının mahir ifaçısı kimi tanınan xanəndə
xalq ruhunda çoxlu mahnılar, təsniflər, rənglər, dəramədlər (dəsgaha giriş –
red.) bəstələyib. 1963-cü ildə respublikanın “Əməkdar artisti”, 1989-cu ildə
isə “Xalq artisti” fəxri adlarına layiq görülüb. Müğənni kimi bir sıra fəxri
fərmanlarla, həmçinin “SSRİ mədəniyyət əlaçısı” fəxri döş nişanı ilə də təltif
olunub.

1992-ci ildə Əliağa Vahidin əsərlərinə yazdığı mahnı və təsniflərə görə
“Vahid” adına mükafata layiq görülüb. Azərbaycan Respublikasının Prezidenti
Heydər Əliyevin 4 fevral 2000-ci il tarixli fərmanı ilə Əlibaba Məmmədov 70
illik yubileyi ərəfəsində “Şöhrət” ordeni ilə təltif edilib. 8 fevral 2010-cu
ildə isə Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevin sərəncamı ilə
“İstiqlal” ordeni ilə təltif olunub. Həmçinin, Azərbaycan Respublikası
Prezidentinin fərdi təqaüdçüsü olub.

Xanəndənin böyük məharətlə ifa etdiyi “Rast”, “Bayatı-Şiraz”, “Rahab”, “Dəşti”
və başqa muğam-dəsgahlarının səs yazıları “AzTV”nin fondunda saxlanılır.
Ə.Məmmədov 100-dən artıq mahnı və təsniflər yaradıb ki, onlar xanəndələrin
repertuarlarına daxil edilib.

Ə.Məmmədov 1963-cü ildən Bakı Musiqi Kollecində, 1988-ci ildən isə Bülbül
adına Orta İxtisas Musiqi Məktəbində muğamdan dərs deyib, gənc xanəndələr
nəslinin yetişməsində böyük əmək sərf edib. Əlibaba Məmmədov həm də dəfələrlə
muğam müsabiqələrində münsiflər heyətinin üzvü olub.

Xalq artisti Əlibaba Məmmədov müəllifi olduğu “Vətən yaxşıdır” nəğməsinin
Vətən müharibəsi şəhidi Xudayar Yusifzadənin şərəfinə “Xudayar təsnifi”
adlandırılmasına xeyir-dua verib.

Əlibaba Məmmədovun üç qızı və bir oğlu olub, səkkiz nəvəsi, on dörd nəticəsi
var.

Qeyd edək ki, Xalq artisti 1963-cü ildə “Azərbaycan SSR Əməkdar artisti” fəxri
adı, 1989-cu ildə “Azərbaycan SSR Xalq artisti” fəxri adı, 2000-ci ildə
“Şöhrət” ordeni, 2009-cu ildə “Qızıl çinar” beynəlxalq mükafatı, 2010-cu ildə
“İstiqlal” ordeni, 2020-ci ildə “Şərəf” ordeni ilə təltif edilib.

25 fevral 2022-ci ildə 92 yaşında vəfat edib. Birinci Fəxri xiyabanda dəfn
olunub.


Source link