Neftçalada şəhid ailəsinin evindən soyğunçuluq edən şəxs saxlanılıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri
nəticəsində noyabrın 26-da axşam saatlarında rayonun Bankə qəsəbəsi ərazisində
yerləşən şəhid ailəsinə məxsus fərdi yaşayış evinə qanunsuz daxil olaraq ev
sahibinə qarşı soyğunçuluq etməkdə şübhəli bilinən şəxs – rayonun Mirzəqurbanlı
kənd sakini Aqil Sadıqov saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
İlkin dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib.
Aparılan araşdırmalar zamanı məlum olub ki, A.Sadıqov qeyd edilən əməli
törətdiyi gün qəsəbədə yaşayan qohumlarının evinə qonaq gəlib. Qonşuluqda
yerləşən şəhid ailəsinə məxsus olan evdə ev sahibinin yaşlı qadın olmasından və
tək yaşamaşından istifadə edən Aqil Sadıqov axşam saatlarında zərərçəkənin
evinə qanunsuz daxil olub, ona hədə-qorxu gələrək 800 manat pulunu soyğunçuluq
yolu ilə ələ keçirib.
Faktla bağlı Neftçala RPŞ-də araşdırmalar davam etdirilir.