UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Neftçi” ötən gün Rusiyanın “Arsenal” klubuna üç cavabsız qol vurmaqla növbəti mərhələyə adladı. Bununla da komandamız ilk dəfə bir Rusiya klubunu yarışdan uzaqlaşdırdı.
Vaxtilə həm Bakı, həm də Tula klubunun heyətində oynamış bir futbolçu da var ki, ÇıxışYolu.Com olaraq onunla söhbət etmək qərarına gəldik. Karyerasına 1985-ci ildən “Neftçi”də başlamış və 1991-ci ilədək burada çıxış etmiş Vladislav Qədirov 1995-ci ildə bir mövsümlük “Arsenal”da oynayıb.
Hazırda uşaq futbolu sahəsində çalışan 48 yaşlı sabiq hücumçunun ÇıxışYolu.Com-a müsahibəsini təqdim edirik:
– Yəqin ki, “oyuna baxdınız” sualını verməyim təəccüblü olar.
– Əlbəttə, oyuna baxdım. Rusiyanın “Matç TV” telekanalı məni stadiona dəvət etmişdi. Ceyhun Sultanov (“Neftçi”nin idman direktoru – S.M.) da məni VİP sektora çağırmışdı. Amma “Matç TV”nin dəvətini qəbul etməli oldum.
– Oyun xoşunuza gəldi?
– Təbii ki, möhtəşəm oyun oldu. “Neftçi”yə əhsən düşür. Aktiv oyun keçdi. “Neftçi”ni belə oyuna və qələbəyə görə təbrik edirəm.
– Matçda “Neftçi”nin böyük hesabla qalib gəlməsində əsas komponent nə oldu?
– İlk 15-20 dəqiqədə “Arsenal” üstün idi: oyunçular qol vəziyyətləri yarada bilməsələr də, nəsə etməyə çalışırdılar. “Neftçi” isə kollektiv oyun hesabına qalib gələ bildi. Həm də “Neftçi”nin azarkeşləri bu qələbədə böyük rol oynadı. Hələ ilk oyun zamanı Rusiyada demişdim ki, mən “Arsenal”da xüsusi fərqlənən bir oyunçu görməmişəm. “Arsenal” “Zenit” və ya “Spartak” deyil. Nə ilk oyunda, nə də buradakı matçda onlarda taktiki və fərdi cəhətdən oyun görmədim. “Neftçi”də isə Stiven Jozef-Monroz, Dario Frederiko və Rauf Əliyevin oyununu fərqləndirmək lazımdır. Rauf sonadək rəqib müdafiəsini gərginlikdə saxladı. Ona əhsən düşür.
– Sizcə, “Neftçi”nin belə oyunu növbəti rəqib olan İsrailin “Bney Yehuda” klubunu keçməyə imkan verir?
– Niyə keçmək olmaz ki? “Arsenal”la düşəndə də demişdim ki, nə olsun Rusiya komandasıdır?! Bu komanda Rusiyanın ikinci “eşelon” komandasıdır.
– Bu sözləri deyəndə “Arsenal”ın futbol ictimaiyyəti sizdən inciməmişdi ki?
– Bunu dünən də demişəm. “Arsenal” avrokuboka hazır deyildi. “Neftçi” isə bütün komponentlərdə rəqibini üstələdi. Onlar da bununla razılaşır. Nə varsa, üzdədir. Olanı demişəm də (gülür). Bu komanda üçün “Neftçi” ilə matç yaxşı təcrübə oldu. Onlar inkişaf edəcəklər. Onların Avropa Liqasının təsnifat mərhələsində necə çıxış etməsi də bəllidir. “Lokomotiv” Rusiya kubokunu qazandığı üçün VI yerin sahibi kimi “Arsenal” ilk dəfə avrokuboka vəsiqə qazandı.
– İlk oyundan sonra rusiyalı mütəxəssislər “Arsenal”ın məğlubiyyətini “rüsvayçılıq” kimi qələmə verirdi…
– Bunun harası rüsvayçılıqdır?! Dünən də “Neftçi” göstərdi ki, ilk oyundakı qələbələri ədalətli idi. “Neftçi” bütün göstəricilər üzrə “Arsenal”dan üstün idi. Sonda “Arsenal” “sınmışdı”.
– “Neftçi”nin bu çıxışına əsasən Azərbaycan Premyer Liqasında “Qarabağ”la rəqabətli çempionluq yarışı görə bilərikmi?
– Əlbəttə. Keçən il də demişdim ki, “Neftçi”yə, onun baş məşqçisi Roberto Bordinə vaxt lazımdır, gələn mövsüm fərqli komanda görəcəyik. Məncə, fərdi götürsək, “Neftçi”nin bəzi futbolçuları “Qarabağ”dakılardan üstündür. Sadəcə olaraq, “Qarabağ”ın oturuşmuş heyəti var. Amma “Neftçi” bu mövsüm “Qarabağ”ın ardıcıl çempionluğuna son qoya bilər. Müdafiədə problemləri vardı. O da “Qəbələ”dən serbiyalı Voyislav Stankoviçi gətirməklə bu problemi yoluna qoydular. Stankoviç və Jozef-Monroz gözəl transferlərdir. Dörd oyuna 13 top vurub, qapısını toxunulmaz saxlamaq çox əla göstəricidir. Baqaliy Dabo da zədədən qayıtdıqdan sonra komanda daha gözəl çıxış edəcək.
– Bir qədər əvvələ qayıtsaq, ilk matçda “Neftçi” tərəfindən Tulaya aparılmamağınız birmənalı qarşılanmadı…
– Mən “Neftçi” rəhbərliyini başa düşürəm. Ola bilər, başları qarışıq olub, yaddan çıxmışdım. Ora idman saytlarımızdan birinin maliyyə dəstəyi ilə yollandım. “Arsenal” klubu isə hotel və qidalanma xərclərimi qarşıladı. “Neftçi” isə Bakıya birgə qayıtmağımızı təklif etdi.
– 1995-ci ildən bəri Tulada olmuşdunuz?
– Nəinki Tulada, 25 ildir Rusiyada olmurdum. Əvvəl bütün xarici səfərlərə Moskvadan uçurduq. Azərbaycan müstəqil olandan sonra artıq Bakıdan hər yerə getmək olur. Rusiyaya da o qədər yolum düşməyib. Ora gedəndə gəldiyimi Tula telekanalı və radiosu da bəyan etmişdi.
25 il keçməsinə baxmayaraq, şəhər o qədər də dəyişməyib. Tula 700 min əhalisi olan şəhərdir. Şəhərdə məni görəndə avtoqraf alırdılar. Sabiq komanda yoldaşlarımdan yalnız biri əslən Tuladan idi. Onunla, “Arsenal”ın fəxri prezidenti olan Viktor Sokolovski, Tula veteranlarının prezidenti ilə görüşdüm. 1995-ci ildə onlardan biri klub prezidenti, digəri inzibatçı olub. Onlarla söhbət etdim, əhval-ruhiyyəm yüksəldi.
Səbuhi Musayev