Bu gün AFFA İntizam Komitəsinin (İK) növbəti iclası keçirilib.
ÇıxışYolu.Com xəbər verir ki, iclasda Premyer Liqanın XXVI turunun “Qəbələ” – “Keşlə” matçında Bakı komandasının dörd futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün 800 manat cərimə olunub.
Premyer Liqanın XXVI turunun “Səbail” – “Zirə” matçının 43-cü dəqiqəsində qonaq komandanın futbolçusu Riçard Qadze simulyasiyaya görə sarı vərəqə ilə cəzalanıb. Lakin oyunun videoyazısına baxıldıqda, hakimin epizodu düzgün qiymətləndirmədiyi müəyyən olunub. Oyunun videoyazısını izlədikdən sonra İK qanalı hücumçuya göstərilmiş vərəqəni ləğv edib.
Premyer Liqanın XXVI turunun “Qarabağ” – “Neftçi” matçında Ağdam komandasının azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunub.
U-17 Liqasının “Səbail” – “Neftçi” matçı da iclasda müzakirə olunub. Bu oyunun 37-ci dəqiqəsində qonaq komandanın futbolçusu Nihad Qurbanlı sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün bir oyunluq cəzalandırılıb.
Oyunun 40-cı dəqiqəsində “Neftçi”nin digər futbolçusu İlkin Əbiyev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün üç oyun cəza alıb. “Neftçi”nin baş məşqçisi Müşfiq Qənbərov isə texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün bir oyunluq cəza alıb.
S.T.
www.ÇıxışYolu.Com