2b88afaa-28ab-478f-a07c-162443973b9c..jpg

“Neftçi”nin sabiq futbolçusu komandanın oyunundan narazı qalıb

Baxış sayı: 547 dəfə baxılıb.

“Neftçi”nin sabiq futbolçusu komandanın oyunundan narazı qalıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Neftçi”nin sabiq futbolçusu Yunis Hüseynov komandanın Azərbaycan Kubokunun
yarımfinal mərhələsində “Qarabağ”a 0:4 hesabı ilə məğlub olduğu oyundakı
çıxışından narazı qalıb.

59 yaşlı mütəxəssis “Report”a açıqlamasında qarşılaşmanı tribunadan izlədiyini
bildirib.

O, Bakı klubunun futbolçularının məğlubiyyəti asanlıqla qəbul etdiklərini
deyib:

“Neftçi” adına biabırçı oyun oldu. Meydana iddiasız komanda kimi çıxırlar.
Futbolçulara başa salmayıblar ki, Azərbaycanın ən öndə gedən, tarixi
komandasına gəliblər? Dünən meydana sanki gəzməyə çıxmışdılar. 90 dəqiqə
ərzində qapıya cəmi iki zərbə vura bildilər. Bu məğlubiyyətlə belə rahat
razılaşdıqlarını başa düşə bilmirəm”.

Mütəxəssisin fikrincə, “Qarabağ” dünənki görüşdə daha çox qol vura bilərdi:

“Qarabağ” fəxrimizdir, Avropa arenasında ölkəmizi layiqincə təmsil edir. Ancaq
bu o demək deyil ki, “Neftçi” onlara qarşı belə zəif çıxış etməlidir. “Qarabağ”
sanki “Neftçi” önündə məşq edirdi. Ağdam komandası istəsəydi, 7-8 qol vurardı”.

1984-1998-ci illərdə “ağ-qaralar”ın formasını geyinən Yunis Hüseynov klubda
transfer siyasətinin yanlış aparıldığını söyləyib:

“Kubok da bir tituldur və avrokuboklara vəsiqə uğrunda ən qısa yoldur. Belə
oyunla “Neftçi” çempionatda heç ikinci yeri də tuta bilməyəcək. Etiraf edək ki,
rəhbərlik komandaya hər cür şərait yaradır, maddi baxımdan sıxıntı yaşamalarına
imkan vermir. Lakin transfer siyasəti yanlış aparılıb. “Qarabağ”ın heyətinə
fikir verin, necə oyunçular seçib gətiriblər. “Neftçi” belə səviyyədə
futbolçular gətirə bilməz? Bunun üçün maddi imkanları da var. Amma ardıcıl iki
ötürmə verməyi bacarmayanları bir araya yığıblar”.

Veteran futbolçu paytaxt təmsilçisinin monteneqrolu baş məşqçisi Miodraq
Bojoviçin də ümidləri doğrultmadığı qənaətindədir:

“Bojoviç hələ bura gələndə demişdim ki, onu tanımıram. 18 ildə 20 komanda
dəyişən mütəxəssisdir, düz-əməlli nəticəsi də olmayıb. Moskva “Lokomotiv”inin
prezidenti də çıxışında bildirmişdi ki, o, “Neftçi”yə uğur qazandıra
bilməyəcək. Bojoviç məgər azərbaycanlı məşqçilərdən yaxşıdır? Onun rəhbərliyi
altında komanda zəif çıxış edir, nə taktika bilinir, nə oyun üslubu.
“Neftçi”nin sabiq futbolçusu kimi dünənki oyun yadıma düşdükcə əsəbiləşirəm.
“Neftçi” belə sıradan komandaya çevrilməməlidir”.

Qeyd edək ki, “Qarabağ”la “Neftçi” arasında cavab oyunu aprelin 24-də
keçiriləcək.

Source link