Dünya birjalarında “Brent” markalı neftin qiyməti 2014-cü ilin noyabr ayının 25-dən bəri ilk dəfə 79 dolları ötüb. WTI markalı neftin iyun fyuçerslərinin qiyməti isə 71,61 dollar/barelə çatıb.
Qeyd edək ki, son 10-12 gün ərzində əmtəə birjasında neft qiymətlərinin yüksəlməsi müşahidə edilir. Bunun bir səbəbi ABŞ prezidenti Donald Trampın İranla nüvə razılaşmasına dair sazişdən çıxmasını bəyan etməsi və embarqoların yenidən gündəmə gəlməsidirsə, digər səbəbi İsraildəki səfirliyini Təl-Avivdən Qüdsə köçürülməsidir.
Hər iki hadisə neft bazarına psixoloji təsir edib.
Sual doğuran neftin qiymətinin yenidən 100 dollar həddinə çata bilib-bilməyəcəyidir.
Neft Araşdırmalar Mərkəzinin direktoru İlham Şaban ÇıxışYolu.Com-a açıqlamasında bildirdi ki, hazırda neftin qiymətinə təsir edən amillər geopolitik amillərdir:
“Çünki bazarlarda tələblə təklif arasında tarazlığın pozulması baş verməyib. Eyni zamanda, iqtisadi instruktiv informasiya da ötürülməyib. Sadəcə olaraq, dünəndən başlayaraq bazarda böyük təlatüm yaşanır. Bunun da siyasi səbəbləri var.
Əvvəla, ABŞ Qüdsdə özünün səfirliyini açdı. Səfirliyinin açılışına bir sıra dövlətlər qatılmadı. Bu da göstərdi ki, güclər arasında yekdil fikir yoxdur.
Bundan əlavə, İsrail ordusu fələstinlilərə qarşı qəddar davrandı. Bunun cavabsız qalmayacağı gözlənilir. Bir müddət sonra yeni terror aktlarının baş verəcəyi istisna edilmir”.
İ.Şaban deyir ki, Səudiyyə Ərəbistanının İrana yönəlik davranışları, eləcə də, ikincinin sıxışdırılması, Avropa Birliyinin Rusiyaya qarşı sanksiyaların siyahısını dərc etməsi də neft bazarını çalxalayır.
Ekspertin sözlərinə görə, yaxın müddət üçün qiymətin hansı diapazonda dayanacağını proqnozlaşdırmaq çətindir:
“Çünki gərginliyi yumşaldacaq addımları müşahidə etmirik. Bu baxımdan, neftin qiymətinin 90 dollar/barelə yüksəlməsi də baş verə bilər. Yəni hər şey bazardakı gərginliyin pik səviyyəsindən asılıdır. Ancaq onu da nəzərə almaq lazımdır ki, hazırkı qiymət neftin real bazar dəyəri deyil. Belə ki, bazarda kifayət qədər neft var”.