f43a1a4c-eefa-459b-879f-b2e155143a77..jpg

Neftin qiymətinin yaratdığı fürsət…

Baxış sayı: 545 dəfə baxılıb.

Neftin qiymətinin yaratdığı fürsət…

Pərviz Heydərov yazır…

Cari ilin əvvəlindən gözlənilirdi ki, neftin qiyməti ölkəmiz üçün bu il
ərzində heç bir mənfi təsir yaratmayacaq və hələ ki yaratmır da… İlin sonuna
isə cəmi 3 ay qalıb. Çünki bu sahədə beynəlxalq bazarlarda konyuktur vəziyyət
əvvəlki illərdə olduğu kimi bizim xeyrimizədir və görünən odur ki, hələ bir
müddət də belə davam edəcək.

Azərbaycan neftinin qiyməti yenidən 100 ABŞ dollarına yaxınlaşır. “Azeri
Light” neft markasının dünya bazarlarında bahalaşması iri neft hasilatçısı olan
ölkələr tərəfindən təklifi bir az da sıxmaları nəticəsində yenidən vüsət alıb.
Yəni, xüsusən də Səudiyyə Ərəbistanı ilə Rusiyanın hasilatı aşağı həddə
saxlamaq qərarlarından sonra…

Ümumiyyətlə, 2016-cı ildən bəri, qeyd olunan ölkələr də daxil OPEC+ təşkilatı
qiyməti bəlli bir həddə saxlamağa çalışır ki, buna uğurla da nail olunur.
Sözügedən hədd 60 ABŞ dollarından yuxarı səviyyədir. Bu da onu göstərir ki,
qeyd olunan qiymətdən aşağı səviyyə heç bir neft hasilatçısı ölkəsi üçün
sərfəli deyil.

Hələ ilin əvvəlində bəzi OPEC+ ölkələri hasilatı əlavə olaraq azaltmaq
haqqında qərarları ilə bu ölkələrin neftin dünya bazar qiymətlərinin hədsiz
enişində maraqlı olmadıqlarını bir daha təsdiq etdilər. Belə ki, ortada heç də
kəskin eniş filan olmadığı və qiymətlər 80 ABŞ dollarının altında qalxıb
düşdüyü halda Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan
hasilatı əlavə olaraq azaltmaq qərarına gəldilər. Bu da düşünməyə əsas verdi
ki, bazarda qiymətlərin enə biləcəyi ilə bağlı gözlənti var imiş.

Sözüm bunda deyil. Dövlət gəlirləri sırf xam neft ixracına bağlı olan ölkəmiz
üçün də vəziyyət eynidir. Yəni neftin bir barelinin dünya bazar qiymətləri
əgər, 50 ABŞ dollarından aşağı səviyyədə olarsa, iqtisadiyyatımız uzun müddət
buna tab gətirə bilməz, artım durğunluqla üzləşər, bir sıra makroiqtisadi
amillər titrəməyə başlayar və sair…

“Azeri Light” markalı neftin bir barelinin qiyməti hazırda 95 dollardan yuxarı
həddədir. Cari ilin dövlət büdcəmizdə isə bu rəqəm 60 ABŞ dollarından
götürülüb. Yeri gəlmişkən, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il
aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiymətsə 2008-ci ilin iyulunda 149,66
ABŞ dolları olaraq yadda qalıb. Qiymət üzrə bu rəqəmlərin nə vaxtsa yenidən
təkrarlanacığı gözlənilən olmasa da, görünən budur ki, beynəlxalq bazarlarda
konyuktur vəziyyət hələ uzun müddət karımıza gələcək.

O ki qaldı, bunun bizə xeyrinə, neftin baha olması maliyyə imkanlarımızı
genişləndirir, dövlət büdcəmizin artımına şərait yaradır, büdcə xərcləri ilə
gəlirlərin münasibətində profisit yaradır və sair…

Ancaq bütün bunlardan da vacibi əslində sözügedən vəziyyətin yaxın gələcəkdə
iqtisadiyyatımızın neft və qaz sektorundan asılılığını azaltmaq baxımından
bizim üçün əlavə şanslar ortaya çıxarmasıdır. Bax, məhz bu cəhət nəzərdən
qaçırılmalı deyil.

Yəni neftin hər qiymət yüksəlişinin yaratdığı fürsət bizi çaşdırmamalıdır.

Bəli, neftin dünya bazar qiyməti hesabınadır ki, ölkəmizdə maliyyə sabitliyi
hökm sürür, ölkəyə daxil olan valyuta həcmi ölkədən çıxan valyuta həcmini
üstələyir, tədiyyə balansımız, o cümlədən xarici ticarət balansımız məqbul
xarakter daşıyır.

Cari ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti 60 dollar müəyyən
edilib. İl başlayandan neftin dünya bazarındakı qiymətləri bundan yüksəkdə
dayanıb. Və elə bunun nəticəsidir ki, keçən il iyunun ortasında dövlət
büdcəsinə yenidən baxıldı, dəqiqləşdirmə aparıldı, həmçinin bu ilin də iyun
ayının ortasında cari ilin dövlət büdcəsindəki rəqəmlər dürüstləşdirildi və
büdcənin həcmi 3 milyard manatdan çox məbləğdə artırıldı.

Prezident İlham Əliyev qeyd etmişkən, onsuz da, bizim builki dövlət büdcəmiz
rekord həddə – 33 milyard manatdan yuxarı səviyyədə idi, ilin birinci yarısında
əlavə gəlirlərin əldə edilməsi hesabına 36 milyard manatdan çox təşkil etdi.

Dövlət başçımız da cari ilin ilk 6 ayının sosial-iqtisadi yekunlarına dair
müşavirədə onu da nəzərə çatdırdı ki, maliyyə vəziyyətimizin yaxşılaşması
səbəbləri sırasında sektorda nizam-intizamın möhkəmlənməsi, vergi və gömrük
orqanlarında islahatların davam etməsi, şəffaflığın təmin edilməsi dayanır.

Və, dövlət gəlirlərinin neft və qazdan asılılığı hələ uzun müddət davam
edəcək. Ümumiyyətlə, neftin dünya bazar qiymətləri bizim üçün əsas və
təsiredici faktor rolunda çıxış etməkdə dominant olaraq qalacaq ki, hər il
gəlir və xərclərimiz məhz bunun əsasında təşəkkül tapacaq.

Təsadüfi deyil, hər dəfə növbəti il üçün təqdim edilən dövlət büdcəsi
layihəsində ümumi gəlir məbləği yazılmamışdan öncə, beynəlxalq bazarlarda
neftin bir barelinin orta illik ixrac qiymətinə dair proqnoz göstərici əsas
götürülür.

Lakin… Bir məqam var.

O da bundan ibarətdir ki, şəffaflaşma daimi xarakter daşıya bilsə də, neftin
dünya bazar qiymətləri faktoru dəyişkəndir, bizdən asılı deyil.

Ümumiyyətlə, neftin qiyməti və sair kimi amillər nisbi xarakter daşıdığından
bu cür amillərin təsir və təzyiqlərindən getdikcə yaxa qurtarmaq gərəkdir.
Başqa sözlə desəm, bilavasitə neftin qiymətindən qaynaqlanan artıqlıq və yaxud
profisit belə bağlanası məsələ olmayıb, deyil və ola da bilməz.

Source link