5caab4b0-6ce5-4738-aafe-d60cfbad7ba5..jpg

Neftin və qazın “var-gəl” edən qiymətləri Azərbaycanın gəlirlərinə necə təsir edir? – ŞƏRH + FOTO

Baxış sayı: 777 dəfə baxılıb.

Neftin və qazın “var-gəl” edən qiymətləri Azərbaycanın gəlirlərinə necə təsir
edir? – ŞƏRH + FOTO

Dünya bazarlarında neftin və qazın qiymətlərində sürətli dəyişikliklər
müşahidə olunur. Qiymətlərin çox tez-tez artıb-azalması cüzi rəqəmlərlə qeydə
alınsa da, bu, ixracatçı və idxalçı ölkələr üçün gələcək proqnozları
müəyyənləşdirən amilə çevrilir.

Maraqlıdır, dünya bazarlarındakı bu dəyişikliklər Azərbaycanın enerji
ixracından əldə etdiyi gəlirlərə necə təsir göstərəcək?

Bununla əlaqədar Cixisyolu.com-a danışan iqtisadçı-ekspert Rəşad Həsənov düşünür ki,
dünya bazarlarında neftin və qazın qiymətlərindəki dəyişikliklər
qısamüddətlidir. Ekspertin fikrincə, istənilən halda ötən ilin eyni dövrü ilə
müqayisədə qiymətlərdə əhəmiyyətli səviyyədə fərq var:

“Xarici ticarət saldosunda ilk ayın nəticələrində də rəqəmlərdəki azalma əks
olunub. Bir tərəfdən, qiymət ötənilki səviyyədə deyil, digər tərəfdən isə neft
hasilatı ildən-ilə azaldılır. Bu dəfə də hasilatın 4,6 faiz azaldılması baş
verdi. İndiki şərtlər daxilində enerji istiqamətində gəlirlərin azalması
proqnozlaşdırılandır. Bu ilin sonuna qədər azalma tendensiyası davam edəcək.
Xüsusilə, nəzərə alsaq ki, Rusiya neftinin satış qiymətlərinə yuxarı hədlər
tətbiq edilir, bu, dünya bazarlarına da öz təsirini göstərir. Gözlənilən tempə
nail olma ehtimalı da aşağıdır. Müharibə (Rusiya-Ukrayna – red.) bitməyib və
bütün bu faktlar 2023-cü ildə öz aktuallığını qoruduğuna görə gəlirlərimizə
təsir edir. Bu, ən yüksək ehtimalla 22-25 faiz arasında dəyişə bilər”.

Rəşad Həsənov gəlirlərin azalmasının problemlərə səbəb olmayacağını deyib.
Onun sözlərinə görə, rəsmilərin açıqladığı məqamlardan görünür ki, Azərbaycan
neftinin qiymətinin 65-75 dollar arasında olması, əslində, ən optimal
variantdır:

“Bilirsiniz ki, enerji bahalaşanda bu, son nəticədə bütün məhsulların
qiymətlərinin artmasına gətirib çıxarır. İdxalçı ölkə kimi biz burada itirən
tərəfik. Bu, arzuolunan deyil. 2022-ci ildə inflyasiyanın sərt şəkildə davam
etdiyini gördük. Bahalaşma dövlət və neft şirkətlərinə müsbət təsir edirsə,
ölkə əhalisi itirən tərəf olur. Dövlət büdcəsində də neftin qiymətində
ehtiyatlı yanaşma nəzərdə tutulub, bir barel üçün 50 dollar müəyyənləşib. Bütün
bunları ümumiləşdirsək, qiymətlərdə azalma olacaq. Bu, gəlirlərə 2022-ci illə
müqayisədə 10-25 faiz arasında mənfi təsir göstərə bilər. Amma bu, Azərbaycanda
maliyyə problemlərinə və sıxıntılara gətirib çıxarmayacaq”.

Qeyd edək ki, fevralın 27-nə olan nəticələrə əsasən, dünya bazarında WTI
markalı neftin aprel füçersləri 0,25% ucuzlaşaraq, bir barelin qiyməti 76,13
ABŞ dolları olub.

“Brent” markalı neftin aprel füçersləri isə 0,29% ucuzlaşaraq, bir barelin
qiyməti 82,92 ABŞ dolları təşkil edib.

Təbii qazın qiymətlərinə gəldikdə isə Avropanın ən likvid habı olan TTF-də
(Niderland) qazın mart füçerslərinin qiyməti günə 554,9 dollarla (-0,8 %)
başlasa da, sonradan 537 dollaradək (-4 %) düşüb. Dinamika əvvəlki ticarət günü
– ötən həftənin cümə günü qeydə alınmış hesablaşma qiymətinə (min kubmetr üçün
559,1 dollar) əsasən hesablanır.

Aysel Aslan

Source link