“New York Times”: “Ermənistan Azərbaycandan Naxçıvana dəmir yolunun bərpasının
əleyhinə çıxır”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Müasir dünyada ticarət yollarına nəzarət iqtisadi səmərəliliklə yanaşı
geosiyasi üstünlük də əldə etməyə imkan yaradır. Bu baxımdan Şimal-Cənub
Beynəlxalq Nəqliyyat Dəhlizi (ŞCBND) Asiya ilə Avropanı əlaqələndirir və Süveyş
kanalına alternativ kimi çıxış edir.
AZƏRTAC xəbər verir ki, bu fikir ABŞ-nin “The New York Times” qəzetində
“Moskvadan Mumbaya: Rusiya ticarət üçün cənuba müraciət edir” sərlövhəli
məqalədə yer alıb. Materialda nəzərə çatdırılıb ki, ŞCBND Fars körfəzinin
sahillərindəki İran, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qətər,
Küveyt və başqa idxala ehtiyacı olan dövlətlərə çıxış əldə etməyə imkan verir.
Dəhlizin əsas seqmentini təşkil edən dəmir yolu Azərbaycan və İran ərazisindən
keçərək Fars körfəzinin sahillərinə kimi uzanır.
Materialda qeyd olunub ki, 162 kilometrlik Rəşt-Astara (İran)-Astara
(Azərbaycan) dəmir yolunun tikilib başa çatdırılması nəticəsində Rusiya,
Azərbaycan və İranın dəmir yolları sistemləri birləşəcək.
“Bununla yanaşı, Rusiya ŞCBND vasitəsi ilə Hindistan, Pakistan, Çin və digər
Cənub-Şərqi Asiya ölkələri ilə də ticarət əlaqələrini genişləndirəcək. Mumbay
Hindistanın iri limanıdır və Avropaya göndərilən yüklər məhz bu limandan yola
salınır. Həmin yüklər İranın Fars körfəzi sahilindəki Bəndər-Abbas limanına
çatdırılır və buradan da qatarla Azərbaycan və Rusiyaya nəql olunur.
Rusiya-Ukrayna münaqişəsi başa çatdıqdan sonra da yüklər Avropaya və əks
istiqamətə məhz bu yolla daşınacaq. ŞCBND fəaliyyətini davam etdirir və 2023-cü
ildə bu dəhliz vasitəsi ilə yükdaşımaların həcmi 38 faiz artıb. Süveyş kanalı
vasitəsilə Avropa ilə Asiya arasında yükdaşımalar baha başa gəlir və
təhlükəsizliyi təmin olunmur. Qiyamçı husilərin ticarət gəmilərinə silahlı
basıqınları buna sübutdur. Ona görə də 2030-cu ilə kimi ŞCBND ilə
yükdaşımaların üç dəfədən çox artacağı gözlənilir”, – deyə məqalədə bildirilib.
Materialda diqqətə çatdırılıb ki, yüklər Asiyadan Avropaya və əks istiqamətə
Süveyş kanalı vasitəsilə nəql olunanda 45 gün lazım olur. Lakin ŞCBND ilə
yüklər hər iki istiqamətə 25 gün ərzində çatdırılır ki, bu da zaman və
nəqliyyat xərcinin azalması deməkdir.
Məqalədə vurğulanıb ki, Azərbaycan nəqliyyat dəhlizlərini inkişaf etdirmək
niyyəti ilə SSRİ dövründən qalan dəmir yollarını da bərpa etmək istəyir:
“Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas ərazisini birləşdirən
dəmir yolu Ermənistan ərazisindən keçirdi. Lakin 1990-cı illərin əvvəllərində
bu iki dövlət arasında baş verən hərbi münaqişə həmin dəmir yolunun bağlanması
ilə nəticələndi. Bu dəmir yolu Azərbaycan ilə yanaşı Rusiyaya da İran və
Türkiyə ilə nəqliyyat əlaqəsi qurmağa imkanı verir. Azərbaycan dəmir yolunun
açılışına can atsa da Ermənistan bunun əleyhinə çıxış edir. Buna görə də
Azərbaycan Naxçıvan ilə nəqliyyat əlaqəsini İran üzərindən həyata keçirməyə
çalışır”.