PSJ-nin braziliyalı hücumçusu Neymar keçmiş klubu “Barselona”nı məhkəməyə verməyə hazırlaşır. Futbolçu 2016-cı ilin yayında klubla müqaviləsini uzadarkən bonus olaraq əldə etməli olduğu 26 milyon avronu almaq istəyir.
Öncədən Neymarın uzadılmış müqaviləyə görə 40 milyon avro alacağı deyilsə də, klub ona yalnız 14 milyon ödəyib. Neymar PSJ-yə keçmək istəyini bildirəndən sonra “Barselona” rəsmiləri pulu tam həcmdə ödəməkdən vaz keçiblər.
Öz növbəsində ispan klubu da Neymarı məhkəməyə verib, müqavilə şərtlərini yerinə yetirmədiyi üçün 75 milyon avro təzminat almaq istəyir.
Məhkəmənin sentyabrın 27-də baş tutacağı gözlənilir. Artıq hər iki tərəf görüş üçün məhkəməyə çağırılıb. Bundan başqa PSJ-nin prezidenti Naser Əl-Xəlaifinin də şahid qismində çıxış edəcəyi gözlənilir.
Qeyd edək ki, Neymar 2017-ci ilin yayında rekord məbləğə – 222 milyon avroya Fransanın PSJ komandasına keçib.