Nigar Arpadarai: Bu işə düzəlməmişdən əvvəl “Formula-1” barədə heç bir anlayışım yox idi

Baxış sayı: 1. 919 dəfə baxılıb.

Nigar Arpadarai: Bu işə düzəlməmişdən əvvəl “Formula-1” barədə heç bir anlayışım yox idi

Sevinirəm ki, “Formula-1”də çalışıram. Biz marketinq departamentini sıfırdan qurmağa başlamışıq. Özümün PR mütəxəssisi kimi inkişafım üçün bu iş mənə uğurlu idi.

ÇıxışYolu.Com xəbər verir ki, bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Kommunikasiya və Marketinq Departamentinin rəhbəri Nigar Arpadarai deyib.

O, “Avto FM” radiosunun qonağı olarkən bəzi maraqlı məqamlara aydınlıq gətirib:

“Monako, Sinqapur və Azərbaycanda yarış şəhərin mərkəzində keçirilir. Bu səbəbdən də yarışın keçirilməsi üçün müvafiq qurumlardan icazə alınması kompleks iş tələb edir. Şirkətimizdə cəmi iki nəfər əcnəbi var. Fəxr hissi ilə deyirəm ki, digər əməkdaşlarımız azərbaycanlılardan ibarətdir. Bu da çox gözəl bir haldır.

2017 və 2018-ci il “Formula-1” mövsümünün Azərbaycan Qran-Priləri həm media, həm də fanatlar tərəfindən ən yaxşı seçilib. Bu da çox fəxr olunası məqamdır”.

Arpadarai bu yarışın ölkəmizə xeyirlərindən də danışıb:

“Gəlirlərimizi müəyyənləşdirmək üçün PWC şirkəti ilə əməkdaşlıq edirdik. 2016 və 2017-ci ildəki ilk iki Qran-Pridən Azərbaycanın bilavasitə və dolayı yolla qazandığı gəlir 377 milyon dollara bərabər olub. Bizdə şəhərin mərkəzi ona görə seçilib ki, turistlər buranı görüb yenidən Azərbaycana gəlmək barədə düşünsün.

Ona görə də aldığımız gəlir və faydanın müqabilində bu yarışı keçirmək lazım gəlir. Enrike İqlesias və Kardi B kimi məşhur ifaçılar Azərbaycandan paylaşım etdikdə, ölkəmiz nə qədər reklam olunur.

Əcnəbilər daha çox “Formula-1” yarışının özü üçün bilet alır. Bu üzdən əyləncəli proqramlarımızda əcnəbilər daha az olur. Əyləncəli konsert proqramlarımıza biletləri daha çox yerli sakinlərimiz alır. Amma son vaxtlar “Formula-1” yarışlarında da azərbaycanlı tamaşaçıların sayının artdığını görmək mümkündür”.

Sonda Nigar Arpadarai ilk dəfə bu işə başlayanda “Formula-1” haqda biliklərindən danışıb:

“Ümumiyyətlə, mən bu işə düzəlməmişdən əvvəl “Formula-1” haqda heç bir anlayışım yox idi. Yalnız məşhur pilotlar olan Mixael Şumaxer və Ayrton Sena haqda bilirdim. “Formula-1” haqda terminlər, Paddok sözləri mənə qorxunc gəlirdi.

Amma getdikcə “Formula-1”ə vuruldum. İndi “Formula-1”i dünyanın ən gözəl idman növlərindən biri hesab edirəm. İki oğlumun da bu yarışa o qədər marağı olmasa da, hər zaman məşhur pilotları yaxından görmək üçün baxmağa gəlirlər”.

Səbuhi Musayev