Nihat Kahveci: Builki Avroliqa sanki Çempionlar Liqasıdır

Baxış sayı: 2. 772 dəfə baxılıb.

Nihat Kahveci: Builki Avroliqa sanki Çempionlar Liqasıdır

“Bakı 2019: Ulduzlar Finalı”nda iştirak etdim, yaxşı oyun oldu. Azərbaycanda futbola böyük dəstək var. Bu il Avropa Liqasının finalının Bakıda keçirilməsi ölkəniz üçün çox böyük şansdır. Belə böyük turnir vasitəsi ilə Azərbaycan dünyada daha da tanına bilər. 

ÇıxışYolu.Com xəbər verir ki, bu sözləri Türkiyə millisinin, “Beşiktaş”ın, İspaniyanın “Real Sosyedad” və “Vilyareal” klublarının sabiq hücumçusu Nihat Kahveci deyib. O əvvəl Bakıya yeddi il əvvəl gəldiyini bildirib:

“Əvvəl Türkiyə millisinin heyətində Bakıya gəlmişdim. Səhv etmirəmsə, bu tarix yeddi il əvvələ təsadüf edir. Millinizə qarşı köhnə stadionda oynamışdıq. İndi Bakıda Avroliqa finalı keçiriləcək. Bu il Avroliqada çox güclü – “Arsenal”, “Napoli”, “Çelsi”, “Benfika”, “Vilyareal” və “Valensiya” kimi klublar var.

Sanki bu yarış Çempionlar Liqasıdır. Buna görə də çox şanslı olduğunuzu düşünürəm. Bakıda gözəl bir final baş tutacaq. Dünən bura gəldiyimizdən bəri yaxşı qarşılandıq, yaxşı vaxt keçirdik. Buna görə də ölkə prezidenti cənab İlham Əliyevə, AFFA-nın prezidentinə və azərbaycanlı qardaşlarıma öz minnətdarlığımı bildirirəm. Burda olmaqdan xoşbəxtəm”.

Türkiyə millisinin sabiq hücumçusu öz ölkəsinin təmsilçilərinin Avropa Liqasında mübarizəni dayandırdığı üçün təəssüfləndiyini söyləyib: 

“Düşünürəm ki, finalda İspaniya komandalarından biri olacaq. Növbəti mərhələlərdə bir-birlərinə rəqib olmasalar, böyük ehtimalla, finalda azı bir İspaniya təmsilçisini görə bilərik. Keçmiş komandam “Vilyareal” Primeroda çətin günlər keçirir. Düşünürəm ki, onların əsas məqsədi liqada qalmaq olacaq. Yəqin ki, Avropa Liqasının finalına qədər irəliləməyə gücləri çatmayacaq. Bu mərhələyə qədər yüksəlmələri də onlar üçün yaxşı nəticədir”.

Nihat “Bakı 2019: Ulduzlar Finalı” adlı qarşılaşma üçün vaxtilə “Real Sosyedad”da birgə çıxış etdikləri serbiyalı hücumçu Darko Kovaçeviçi də Bakıya gətirə biləcəyini deyib: 

“İstəsəydilər, onu da Bakıya gətirərdim. Belə görürəm ki, “Real Sosyedad”da oynadığım vaxt oyunları sizin ölkədə göstəriblər deyə, burada çoxlu azarkeşlərimiz var”.

Qeyd edək ki, Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq.